Jurnalist Xədicə İsmayıl artıq azadlıqdadır. Mayın 25-də Ali Məhkəmənin qərarından bir qədər sonra – axşam saat 6 radələrində Xədicə İsmayıl saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.
Mayın 25-də Ali Məhkəmə Xədicə İsmayılın kassasiya şikayətinə baxıb. Hakim Əli Seyfəliyevin sədrlik etdiyi prosesdə jurnalistin azadlığa buraxılması barədə qərar çıxarılıb.
Ali Məhkəmə jurnalistin üzərindən vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə ittihamlarını götürüb, qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınmaya görə 3 il 6 ay cəza kəsərək həmin müddətin şərti sayılmasına qərar verib. Beləliklə, Xədicə İsmayıl azadlığa buraxılıb.
Qərara əsasən, jurnalistin 2 il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququ olmayacaq.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdə idi. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsmiş, Bakı Apellyasiya Məhkəməsi cəzanı qüvvədə saxlamışdı.
1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-cu illərdə radionun Bakı bürosuna rəhbərlik edib.
“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı vicdan məhbusu kimi tanıyıb.