Azərbaycan Konstitusiyasında Nazirlər Kabinetinin statusu prezidentin yuxarı icra orqanı kimi müəyyən olunub. Ana qanuna görə, ölkə prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabineti yaradır. Prezidentə tabe olan, onun qarşısında cavabdehlik daşıyan qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.
Respublikaçı Alternativ Hərəkatının üzvü Azər Qasımlı Transparency.az-a deyib ki, Azərbaycana indiki mərhələdə sadə, klassik prezident respublikası modeli uyğundur, Nazirlər Kabineti adında orqana gərək yoxdur, dövlət başçısı hökumətə Prezident Administrasiyası vasitəsilə rəhbərlik etməlidir.
Azərbaycan Xalq Partiyasının sədri, 1992-1993-cü illərdə əvvəl dövlət katibi postunda Prezident Aparatına, sonra baş nazir postunda Nazirlər Kabinetinə rəhbərlik etmiş Pənah Hüseyn Transparency.az-a deyib ki, Nazirlər Kabineti prezidentin icra orqanlarından biridir: “İndiki halda onun ləğvi yalnız terminologiya dəyişikliyi ola bilər. Bizdə hakimiyyət qollarının real müstəqilliyi və qarşılıqlı nəzarət mexanizmləri olmadığı üçün terminoloji yeniliyin vəziyyəti dəyişəcəyinə ümid etmirəm.
Nazirlər Kabinetinin ləğvi 1992-1993-cü illərdə müzakirə edilmiş, konstitusiya dəyişiklikləri haqqında qanun layihəsi hazırlanmışdı. Amma idarəçilik ənənələri buna imkan vermədi. İndi də Nazirlər Kabinetinin Prezident Administrasiyası ilə əvəzlənməsi ciddi effekt verməyəcək.
Mən Nazirlər Kabinetinin səlahiyyətlərinin artırılmasına, onun icra orqanlarının fəaliyyətinə təsir göstərə bilməsinə tərəfdaram. Ölkədə qarışıq idarəçilik sistemi yaradılmalı, hakimiyyətin hər bir qolu öz səlahiyyətləri daxilində müstəqil olmalıdır”.
Transparency.az-a danışan siyasi icmalçı Azər Rəşidoğlu bildirib ki, Nazirlər Kabinetinin ləğv edilərək səlahiyyətlərinin Prezident Administrasiyasına verilməsi daha sərt idarəçiliyə aparıb çıxara bilər: “Azərbaycan kimi ölkələrdə parlament idarə üsulu daha keçərlidir. Hökuməti azad və demokratik seçkilər zamanı qələbə qazanmış partiyalar formalaşdırmalıdır və qalib gələn təşkilatın sədri baş nazir olmalıdır.
Azərbaycanda baş nazirin heç bir önəmli statusu yoxdur. Lakin unutmaq olmaz ki, prezident vəzifələrini icra edə bilməyəndə onun səlahiyyətləri baş nazirə keçir. Bu baxımdan hökumətə Prezident Administrasiyası vasitəsilə rəhbərlik edilməsini real və optimal variant saymıram. Azərbaycan reallığında bu model daha sərt idarəçiliyə səbəb ola bilər”.
Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev Transparency.az-a deyib ki, Nazirlər Kabineti ləğv edilə bilməz: “Əksinə, güc strukturları ilə iş istisna olmaqla səlahiyyətlər prezidentdən alınıb kabinetə verilməlidir. İqtisadi blok tamamilə Nazirlər Kabinetinin səlahiyyətində olmalıdır. Nazirlər Kabinetinin Prezident Administrasiyası ilə birgə quruma çevrilməsi mümkün deyil. Çünki Prezident Administrasiyası, adından da göründüyü kimi, icra hakimiyyəti deyil, o, dövlət başçısının fəaliyyətini təşkil edir. Sadəcə, administrasiyanın fəaliyyəti və nüfuzu həddən artıq şişirdilir”.