“Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməməklə, Avropa Şurasının tövsiyələrini qulaqardına vurmaqla bu quruma qoşularkən razılaşdığı dəyərləri və hüquqi standartları bada verir. Bu, Azərbaycan xalqının insan haqlarından istifadəsinə, eləcə də ölkənin xaricdəki imicinə çox mənfi təsir göstərir”. Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks “Azadlıq” radiosuna açıqlamasında belə deyib.
Muiznieks qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxmayaraq REAL Hərəkatının lideri İlqar Məmmədov hələ də həbsdədir: “Eləcə də “Azadlıq” radiosunun təhqiqatçı jurnalisti Xədicə İsmayıl siyasi hesab edilən ittihamlarla həbs cəzası çəkir. Avropa Şurası və digər qurumlar narazılıq, tənqid səsləndirən insan haqları fəallarına qarşı cinayət işlərindən siyasi məqsədlə istifadəni çoxdan üzə çıxarıb, tənqidi fikirlərə görə həbsə atılanları azadlığa buraxmağa çağırıb. Azərbaycan bu tövsiyələri eşitməli, Avropa Məhkəməsinin presedent hüququnu icra etməli, insan haqları öhdəliklərinə əməl eləməlidir”.
Transparency.az xatırladır ki, İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, ona 22 min avro kompensasiya ödənilməsi tələbini qoyub.
2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. Bu il aprelin 29-u Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb.
Komissar Xədicə İsmayılın həbsxanadan göndərdiyi mesajlarda beynəlxalq ictimaiyyəti ondan və digər siyasi məhbuslardan siyasi alver predmeti kimi istifadə etməməyə çağırmasına (“Bakı və Vaşinqtonun diplomatik uduşlarında dəyiş-düyüş ediləcək oyuncaq deyiləm”) toxunub: “Xədicə ilə tamamilə razıyam, insan haqları danışıqlar, yaxud alver məsələsi deyil”.
Azərbaycan hakimiyyəti beynəlxalq qurumları ölkənin məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırır, siyasi motivlərlə həbs olunduğu bildirilən şəxslərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir. Ancaq komissar bu fikirlə razı deyil: “Avropa Şurasının qurduğu sistem əsasında qitədə hər bir kəsin insan haqları bərabər şəkildə qorunmalıdır. Bu sistemdə əsas oyunçu ədliyyədir. Konkret bir ölkədə ədliyyə sistemi bunu təmin edə bilmirsə, bizim durumun düzəlməsindən ötrü müdaxilə etmək, tövsiyələr vermək, Avropa İnsan Hüquqları Məhkəməsinin qərar çıxarmaq hüququ var. Bu, Azərbaycanla yanaşı Avropa Şurasının digər 46 üzvünə də aiddir”.
Komissar beynəlxalq qurumların Azərbaycanda insan haqlarına yetərincə diqqət ayırdığını, ölkə qanunvericiliyinə müsbət dəyişikliklər uğrunda bir sıra işlər həyata keçirdiyini qeyd edir: “Ancaq insan haqlarının qorunmasına əsas məsuliyyəti hakimiyyət daşıyır. Onlar qəbul etdikləri, hətta yaradılmasına töhfə verdikləri qaydalara əməl etməlidirlər”.
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını necə icra etməsi üzrə xüsusi araşdırma başladıb. Muiznieksin sözlərinə görə, bu, baş katibin nadir hallarda atdığı addımdır və narahatlığın ən yüksək səviyyəyə çatdığını göstərir: “Ümid edirəm ki, Avropa Şurasının bu və digər təşəbbüsləri müsbət dəyişikliyə gətirəcək, ən əsası, ifadə etdikləri baxışlarına görə həbsə düşənlərin buraxılması ilə sonuclanacaq”.