Rusiyanın baş naziri Dmitri Medvedyev mayın 23-də Krıma səfər edib. Novator.az-ın məlumatına görə, pensiyaçılar baş nazirlə söhbətində güzərandan gileyləniblər. Pensiyaçı qadınlardan biri baş nazirə deyib: “Yaşamaq mümkün deyil, qiymətlər od tutub yanır, bizi isə yetərsiz indeksasiya ilə yola vermək istəyirlər. Səkkiz min rubl nədir? Dəryada damla”.
Rusiyanın baş naziri qeyd edib ki, dövlətin pensiyaları artırmaq imkanı yoxdur: “Pensiyalarla bütün ölkə üzrə məşğul olacağıq, yalnız bir yerdə pensiya problemini həll edə bilmərik. İndi pul yoxdur, pul tapan kimi pensiyaları indeksləşdirəcəyik. Səbirli olun”.
2014-cü ilin fevral ayında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.
2015-ci ilə aid hesabatda Rusiyada əmək pensiyasının orta aylıq məbləği 13 min 900 rubl göstərilir. Bizim pulla hesablayanda bu, təqribən 310 manatdır.