İyunun 3-4-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayı ilə bağlı hazırlıq işləri yekunlaşıb, tədbirin qonaqları və nümayəndələrin siyahısı dəqiqləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək. Qonaqların arasında xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edəcək.
Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimi iyunun 3-də Heydər Əliyev Mərkəzində baş tutacaq. Rəsmi açılışdan sonra qurultay öz işini panel iclaslarla davam etdirəcək. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirəcəklər.
Qurultayda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, eləcə də digər məsələlər diqqət mərkəzində olacaq.
Tədbir çərçivəsində diaspor nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşləri də planlaşdırılır. Görüşlərdə xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə ediləcək.
Qurultay öz işini iyunun 4-də yekunlaşdıracaq.