Dövlət Neft Fondu mayın 24-də valyuta hərracına 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Vəsaiti 14 bank alıb.
Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı vəsaitin həcmi 1 milyard 857,4 milyon dollara çatıb. Mərkəzi Bank isə 2016-cı ilin hərraclarında 685,4 milyon ABŞ dolları satıb. Manatın kursunu sabit saxlamağa üst-üstə 2 milyard 542,8 milyon dollar sərf olunub.
Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Hazırda 1 ABŞ dolları 1,4929 manata satılır.