Müxalifətin bir qismini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası Vyanadakı Dağlıq Qarabağ danışıqlarının yekunları ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “16 may 2016-cı ildə Vyana şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Bu görüşdən bir müddət əvvəl Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin danışıqlarda iştirakının əsas şərti kimi Azərbaycanın işğal altında olan torpaqlarını öz gücü ilə azad etməyəcəyinə və işğal olunmuş ərazilərdə status-kvonun dəyişməyəcəyinə dair təminat tələbini irəli sürmüşdü. Görüşdən bilavasitə öncə Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, qarşı tərəfin bu görüşdən gözləntisi 1994-cü il atəşkəs razılaşmasının möhkəmləndirilməsi idi. Azərbaycan prezidentinin mətbuat katibinin verdiyi məlumata görə, görüşdə söhbətin ilk növbədə atəşin dayandırılması və erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması prosesinin perspektivi barədə olacağı gözlənirdi.
Təəssüf ki, Azərbaycan hakimiyyəti həmişə olduğu kimi bu dəfə də görüşün nəticələri barədə Azərbaycan cəmiyyətini məlumatlandırmamağı üstün tutdu. Həmsədrlərin görüşün nəticələri haqqında yaydığı yekin bəyanatda deyilir ki, prezidentlər 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməklə bağlı razılığa gəlib, atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyinin səlahiyyətlərini genişləndirməsi barədə razılığa gəliblər”.
Bəyanatdan göründüyü kimi, danışıqlar nəticəsində Ermənistan tərəfinin 1994-cü il atəşkəsinin möhkəmləndirilməsi ilə bağlı bütün tələbləri qəbul olunduğu halda Azərbaycanın tərəfinin heç bir gözləntisi özünü doğrultmayıb, yekun bəyanatda “erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması prosesinin perspektivi” barədə məlumat və ya ölkəmizin həyati maraqlarına cavab verən bir ifadə və ya bir eyham belə yer almayıb. Bu isə Azərbaycan siyasi hakimiyyətinin milli maraqlarımızdan edilən növbəti yolverilməz güzəşti kimi qiymətləndirilməlidir və qəbuledilməzdir”.
Bəyanatda qeyd olunur ki, Azərbaycan rəhbərliyi aprel ayında xalqın yüksək vətənpərvərlik ruhu, əsgər və zabitlərin şücaəti və şəhidlərin qanı hesabına əldə olunmuş hərbi üstünlüyü Vyanada danışıqlar masasına yatıra bilməyib. Milli Şura bildirir ki, işğal altında olan torpaqların öz gücü ilə azad etməyəcəyinə dair öhdəlik götürmək Azərbaycan rəhbərliyinin üzərinə təkcə siyasi yox, həm də ağır mənəvi məsuliyyət qoyur: “Azərbaycan ərazilərinə atəşkəsə riayət edilməsinə nəzarət məqsədilə kameraların quraşdırılması haqqında yayılan məlumatlar isə xüsusilə alçaldıcıdır və milli ləyaqət hissindən məhrum olmayan heç bir dövlət bu tələbi qəbul edə bilməz.
Qarabağ münaqişəsinin yekun həllinə dair danışıqların iyun ayında keçirilməsi ilə bağlı məlumat bizdə xüsusi narahatlıq doğurur. Azərbaycan üçün bu qədər əlverişsiz şərtlər altında, Azərbaycan xalqından gizli şəkildə aparılan danışıqlar və əldə edilən razılaşmalar Qarabağın yekun statusu ilə bağlı ciddi şübhələrimizi və narahatlığımızı daha da artırmaqdadır.
Milli Şura olaraq biz Azərbaycan siyasi hakimiyyətinin özünü Azərbaycan xalqından və demokratik dünyadan təcrid etmək siyasətinin kökündən yanlış olduğunu və məhz bu məsuliyyətsiz və səriştəsiz siyasətin Azərbaycanın Qarabağ danışıqlarındakı haqlı və ədalətli mövqelərinə ağır zərbə vurduğunu bəyan edirik. Əminliklə bildiririk ki, Azərbaycan cəmiyyəti və xalqı hakimiyyətin repressiv və antixalq mahiyyətli daxili, yarıtmaz və perspektivsiz xarici siyasətinin, milli maraqları hakimiyyət maraqlarına qurban verməsinin bədəlinin Qarabağ müstəvisində alçaldıcı kompromislərlə ödənilməsi gerçəyi ilə heç vaxt və heç bir şərtlər altında barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa, torpaqlarımızın son qarışı işğaldan azad olunanadək mübarizə və döyüş əzmindən imtina etməyəcək”.
Milli Şura 2013-cü ilin yayında yaradılıb. Qurumun sədri tarixçi professor Cəmil Həsənli, öncül şəxsləri AXCP lideri Əli Kərimli, sabiq deputatlar Gültəkin Hacıbəyli, İbrahim İbrahimli, jurnalist Mehman Əliyev və başqalarıdır.
Mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ABŞ-ın dövlət katibi Con Kerri, dövlət katibinin müavini Viktoriya Nuland, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa), ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub.
Con Kerri, Sergey Lavrov və Harlem Desir görüşün yekunlarına dair birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüz olduğu vurğulanır. Minsk qrupunun həmsədrləri tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişlərinə hörmət etməyə çağırır. Sənəddə qeyd edilir ki, Azərbaycan və Ermənistan prezidentləri atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həlli nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.