Hesablama Palatası “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəy verib. APA-Economics-in məlumatına görə, rəydə bildirilir ki, 2015-ci ilin büdcə zərfində əhalinin xərclərinin həcmi 31 milyard 964,6 milyon manat, real artım tempi isə 5,2% proqnozlaşdırılıb, ilin sonuna isə əhalinin xərcləri proqnozdan həm həcm, həm də faiz ifadəsində yüksək olub.
Rəydə qeyd olunur ki, 2015-ci ildə əhalinin qənaətinin həcmi əvvəlki illə müqayisədə 23,7% azalıb: “2013-2014-cü illərdə qənaətin strukturunda maliyyə aktivləri üzrə azalma, qeyri-maliyyə aktivləri üzrə artım müşahidə edilirdi, 2015-ci ildə isə sonuncu istiqamətdə də 13% azalma var. Əhalinin qənaətinin azalmasını əsasən hesabat ilində son istehlak xərclərinin artması ilə də əlaqələndirmək olar. İstehlak qiymətləri üzrə artım, o cümlədən ərzaq məhsulları üzrə müşahidə edilmiş qiymət artımı əhalinin qənaətinin azalmasını şərtləndirib”.
Rəyə əsasən, hesabat ilində əhalinin adambaşına düşən gəlirləri orta hesabla 4380,1 manat və ya ayda 365 manat təşkil edərək 4,5% artıb: “Əhali gəlirlərinin artımı pərakəndə ticarət dövriyyəsinə də öz təsirini göstərib. 2015-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü illə müqayisədə 10,9% artaraq 25,7 milyard manat olub. Hesabat ilində pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 224,9 manatlıq və ya 2014-cü ilin eyni göstəricisi ilə müqayisədə 30,2 manat çox əmtəə alıb”.
Məlumata görə, 2015-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,7%-i avtomobil yanacağının, 6%-i elektrik malları və mebelin, 1,2%-i əczaçılıq və təbabət mallarının, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 17,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. Başqa sözlə, ötən il istehlakçılar ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 12 milyard 850 milyon manat, avtomobil yanacağına 1 milyard 722 milyon manat, əczaçılıq və təbabət mallarına 308,4 milyon manat xərcləyib.