AZƏRTAC mayın 23-ü İstanbulda keçirilən Dünya Humanitar Sammiti ilə bağlı yeni məlumat yayıb. Qeyd olunur ki, BMT-nin baş katibi Pan Gi Mun çıxışında dünyada münaqişələrin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. O, humanitar böhranların səbəbinə çevrilən siyasi sabitsizliyin qarşısının alınmasının və mülki şəxslərin daha çox qorunmasının zəruriliyini qeyd edib. Qaçqın probleminin qarşısının alınmasında yeni forma və ideyaların yaradılmasının vacibliyini qeyd edən BMT-nin baş katibi böhran içərisində olan milyonlarla insanın problemlərinin həllində bütün dövlətləri və cəmiyyətləri həmrəy olmağa çağırıb.
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan sammitin dünyada ehtiyac içində yaşayan milyonlarla insanın problemlərinin həlli baxımından mühüm imkan olduğunu bildirib. Müharibələrin, təbii fəlakətlərin, iqlim dəyişikliyinin bütün bəşəriyyətin təhlükəsizliyini və gələcəyini ciddi təhdid etdiyini deyən Ərdoğan Türkiyənin humanitar problemlərin həllində fəal rol oynadığını qeyd edib.
Prezident Türkiyənin bu gün dünyanın 140-dan çox ölkəsində humanitar yardım və sosial inkişaf sahəsində müxtəlif layihələr reallaşdırdığını diqqətə çatdırıb. Hazırda qlobal humanitar yardım sisteminin mövcud problemlərin həlli baxımından səmərəsiz olduğunu qeyd edən Ərdoğan bildirib ki, bu sistemin yükünü sadəcə bəzi ölkələr öz çiynində daşıyır: “Buna görə də bütün dünya ölkələri bu məsuliyyəti bərabər şəkildə bölüşməli, liderlər və beynəlxalq ictimaiyyətin nüfuzlu şəxsləri səylərini birləşdirməlidirlər”.
Almaniya kansleri Angela Merkel silahlı münaqişələrdə mülki şəxslərin həlak olmasının qarşısının alınması üçün səylərin artırılmasının vacibliyini bildirib. O, Almaniyanın bundan sonra da humanitar yardımların dəstəklənməsi və müvafiq vəsaitin daha da artırılması istiqamətində fəaliyyətini gücləndirəcəyini vurğulayıb. Bu sahədə mövcud fəaliyyətlərin əlaqələndirilməsinin əhəmiyyətini qeyd edən kansler bununla bağlı daha səmərəli qlobal sistemin yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Makedoniya prezidenti George İvanov, Gürcüstan prezidenti Georgi Margvelaşvili də sammitdə çıxış ediblər.