Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Şərq tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib. Mayın 23-ü Brüsseldə keçirilən görüşdə danışan nazir qeyd edib ki, Azərbaycan fərqləndirmə, mütəhərriklik, hədəfləmə və təşəbbüsün əldə olması prinsiplərinin Avropa qonşuluq siyasətinin (AQS) yeni sənədinin əsas xüsusiyyətləri olması faktını alqışlayır: “Bu sənəd Avropa İttifaqının Şərq istiqamətində siyasətinin mövcud reallıqlara və tərəfdaşların tələbatlarına uyğunlaşdırılması üçün addım olacaq.
Azərbaycan həmişə Aİ ilə münasibətləri bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsasında inkişaf etdirmək üçün güclü siyasi iradə nümayiş etdirib. Bir il əvvəl Azərbaycan Riqa sammiti çərçivəsində Aİ-yə strateji tərəfdaşlıq sazişinin layihəsini təqdim edib. Bu saziş ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və birgə maraqlarımızı daha yaxşı təmin etmək üçün möhkəm zəmin yaradacaq.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Azərbaycana səfəri münasibətlərin gələcək istiqamətlərini nəzərdən keçirmək və müzakirə etmək üçün yaxşı fürsət olub. Biz birgə maraq kəsb edən bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə və strateji tərəfdaşlıq sazişinin əhatə dairəsi üzrə birgə məsləhətləşmələrin bu yaxınlarda yekunlaşdırılmasına böyük əhəmiyyət verərək başa düşürük ki, Aİ tezliklə danışıqlara başlamaq üçün rəsmi mandat əldə edəcək.
Hazırda biz ikitərəfli əməkdaşlığımızın yenidən gücləndirilməsinə istiqamətlənmiş mövcud siyasi dialoq mexanizminin bərpa edilməsi üzərində işləyirik. Həmçinin biz Aİ ilə birgə aviasiya sazişinə dair danışıqları bərpa etməyə də hazırıq.
Yenilənmiş AQS pan-Avropa enerji təhlükəsizliyinə nail olmaq üçün Cənub Qaz Dəhlizinin tamamlanmasının əhəmiyyətini bir daha təsdiq etdi. Bu layihənin vaxtında və müvəffəqiyyətlə yekunlaşdırılması Avropaya alternativ qaz gətirilməsi üçün çox vacibdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilmiş ikinci toplantısı dəyəri milyardlarla ölçülən bu layihəyə dair birlik və həmrəylik ismarışını verdi. Mayın 17-si Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik qaz-kəmərinin təməl mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoydu. Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaq.
Nəqliyyat sahəsində də istifadə olunmamış böyük potensial var. Azərbaycan regionda tranzit nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsinə daha çox töhfə vermək üçün bütün səylərini səfərbər etməkdə davam edir. Bu ilin sonuna qədər istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi ilə regionun ən əhəmiyyətli infrastrukturu sıralarına qoşulacaq. Bu layihələr sırf iqtisadi-ticarət mənfəətləri ilə yanaşı daha çox təsirlərə malikdir. Onlar Aİ və Azərbaycan arasında birgə maraq kəsb edən daha geniş sahələrdə əməkdaşlıq etmək üçün effektiv alət rolunu oynayacaq”.
Çıxışın mətnini XİN-in mətbuat xidməti yayıb.
Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı Belarus, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistanı əhatə edir.