Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Yerevana gedən Rusiyanın baş naziri Dmitri Medvedyev mayın 20-də Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb. Novator.az-ın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsindən də söhbət gedib.
Ermənistan prezidenti həftənin əvvəlində Vyanada Azərbaycan prezidenti ilə keçirilmiş görüşdən söz açaraq qeyd edib ki, atəşkəs rejiminin daimi monitorinqi və pozuntu hallarının araşdırılması mexanizminin tətbiqinə dair razılaşma əldə olunub: “Biz atəşkəs rejiminin pozulmaması üçün lazım olan hər şeyi edəcəyik. İnanırıq ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin xarici işlər nazirləri bizim birgə qəbul etdiyimiz qərarların yerinə yetirilməsində ardıcıllıq nümayiş etdirəcəklər”.
Dmitri Medvedyev atəşkəs rejiminin davam etməsinin vacib olduğunu vurğulayıb. O deyib ki, Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşünü alqışlayır: “Bu yaxınlardakı insidentlərin baş verməməsi üçün dialoqun davam etməsi, 1994 və 1995-ci illərdə əldə olunmuş atəşkəs razılaşmalarına əməl olunması vacibdir”.
Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli və regionda möhkəm sülhün yaranması istiqamətində hərəkət etməyin vacib olduğunu vurğulayıb, Rusiyanın münaqişənin həllinə hər zaman olduğu kimi yardım edəcəyini bildirib.
Mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın da iştirak etdiyi görüş ABŞ-ın dövlət katibi Con Kerri, dövlət katibinin müavini Viktoriya Nuland, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa), ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub.
Con Kerri, Sergey Lavrov və Harlem Desir görüşün yekunlarına dair birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüz olduğu vurğulanır. Minsk qrupunun həmsədrləri tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişlərinə hörmət etməyə çağırır. Sənəddə qeyd edilir ki, Azərbaycan və Ermənistan prezidentləri atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həlli nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.