Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri Eldar Həsənov Dağlıq Qarabağ münaqişəsinin həlli variantlarından biri kimi təklif edilən 5+2 variantının (bu təklif öncə Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının geri qaytarılmasını, sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə eyni vaxtda Kəlbəcər və Laçının geri qaytarılmasını nəzərdə tutur) qəbuledilməz olduğunu bildirib.
“Yeni Müsavat”a açıqlamasında Eldar Həsənov qeyd edib ki, 2003-cü ildən bu günə kimi Azərbaycan prezidenti Qarabağ məsələsində hər bir Azərbaycan vətəndaşının istəyi, arzusu nədirsə, onu etmək istiqamətində çalışıb: “Azərbaycan prezidentinin apardığı siyasət, ordu quruculuğunun nəticəsi Qarabağ məsələsində status-kvonu dəyişib. Lakin burda bir şey nəzərə alınmalıdır. Belə söhbətlər səslənir ki, bəzi beynəlxalq vasitəçilər Qarabağ məsələsini 5+2 rayonun qaytarılması formulu ilə həll etmək istəyirlər. Nəzərə almaq lazımdır ki, bu formul qəti surətdə Azərbaycan üçün əlverişli formul deyil. Unutmaq olmaz ki, ən strateji yüksəkliklər məhz Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşir. 5+2 formulu isə, bəllidir ki, Kəlbəcərlə Laçının azad edilməsinin sonrakı mərhələyə saxlanmasını nəzərdə tutur.
Kəlbəcər və Laçın, yəni çox ciddi əhəmiyyət kəsb eləyən yüksəkliklər Ermənistanın əlində qalırsa, azad edilən o 5 rayona qayıdan yüz minlərlə azərbaycanlı əhalinin taleyi və təhlükəsizliyi hər an təhlükə altında olacaq. Müharibə tarixlərindən də bəllidir ki, yüksəkliklər kimdədirsə, üstünlük onda olur. Ermənistan məhz buna görə bütün vasitələrlə çalışır ki, Kəlbəcər və Laçın digər rayonlardan ayrılsın və onların nəzarətində qalsın. 5+2 adlanan həll formulu o deməkdir ki, Murovdan başlamış Laçının Minkənd kəndinin başının üstünə qədər olan yüksəkliklər qalır ermənilərin əlində və beləliklə, azad edilən 5 rayon təhlükə altında qalır. Ermənistan taleyi öz əlində olan ölkə olmadığı üçün tarix göstərir ki, imzaladığı razılaşma sənədlərinə belə əməl etmir və edə bilmir. 1992-ci ilin mayında İranda Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən parlament sədri ilə Ermənistan prezidenti Levon Ter-Petrosyan arasında atəşkəs sənədi imzalanmışdı. Həmin günün səhərisi Ermənistan Şuşanın işğalını həyata keçirməyə başladı.
Bu təcrübə onu deməyə əsas verir ki, Ermənistan hətta 5 rayonu geri qaytardıqdan sonra imzasına məhəl qoymayaraq yüksəkliklərdən yenidən həmin rayonlara hücum edə bilər. Nə qədər ki, Ermənistan özü öz taleyinin sahibi deyil, kənardan idarə olunur, onların hətta öz imzasına hər an xəyanət etmələrini görmək mümkündür.
Odur ki, Azərbaycan aprelin əvvəlindəki hərbi əməliyyatlardan sonra əldə etdiyi üstünlüyün və ədalətli mövqeyinin diktəsi ilə hərəkət etməli və sülh prosesinin maraqlarımıza uyğun getməsinə nail olmalıdır və inanıram ki, nail olacaq”.
Eldar Həsənov vurğulayıb ki, Qarabağ savaşında informasiya müharibəsi, diplomatik müstəvidə iş son dərəcə mühümdür: “Şübhəsiz ki, əvvəlki illərdəkindən daha çox geniş təbliğata, həqiqətləri dünyaya çatdırmağa ehtiyacımız var. Hər ölkənin dilində, onun anlama üslubunda Qarabağ həqiqətləri Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatları əsasında çox intensiv şəkildə həyata keçirilir. Sizə tam məsuliyyətimlə deyə bilərəm ki, artıq Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatları heç zaman olmadığı qədər çox aktiv informasiya müharibəsi aparır.
Nəzərə almaq lazımdır ki, qarşımızdakı ermənilərin dünyanın bir çox mühüm mərkəzlərində uzun illər oturuşmuş lobbi və təbliğat maşını var. Azərbaycan dövləti artıq bu təbliğat maşınının təbliğatının təsirini öldürmək, reallıqları, həqiqəti dünyaya çatdırmaq üçün özünün sistemini qura bilib. Müdafiə Nazirliyinin verdiyi bir bəyanatı, dövlətin mövqeyini bir neçə saatın içində səfirliklərimiz təmsil olunduqları ölkələrdə yayır, bütün lazımi ünvanlara çatdırır. Azərbaycanın haqq səsi anındaca çatdırılır və artıq dünya ölkələrində Ermənistanın dağıdıcı mövqedə olan bir dövlət olduğuna inam yaranıb. Bununla belə düşünürəm ki, gördüyümüz iş hələ də tam yetərli deyil. Daha artıq şəkildə iş aparmalıyıq”.
1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü il mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-u Kəlbəcər rayonunda doğulub. Bakıda Politexnik İnstitutunu, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Ali Hüquq Akademiyasını bitirib. Uzun müddət Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb – müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəisi, Bakı Şəhər Nizami Rayon Milis Şöbəsinin rəisi, Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəhbəri, daxili işlər nazirinin birinci müavini olub. 1993-1995-ci illərdə Azərbaycan Respublikası baş prokurorunun birinci müavini işləyib, 1995-2000-ci illərdə baş prokuror vəzifəsini tutub. Ədliyyə general-leytenantıdır.
2001-ci ildən 2013-cü ilə qədər Eldar Həsənov Rumıniyada, 2009-cu ildən iqamətgahı Buxarest şəhərində olmaqla həmçinin Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda iqamətgahı Belqrad şəhərində olmaqla Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfirdir. Eldar Həsənov həmçinin bir çox beynəlxalq təşkilatın üzvü və rəhbəri, Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlıqla mübarizə üzrə Regional Mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsidir.