“Bəzi tanınmış super-marketlər dövriyyəni 10, 15, hətta 40 dəfə aşağı göstərirlər”. AZƏRTAC xəbər verir ki, bunu mayın 18-i Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, nazirliyin 2016-cı ildə apardığı təhlillər zamanı çox qəribə məsələlər ortaya çıxıb: “Xronometraj müşahidələri zamanı məlum olub ki, iri marketlər dəfələrlə dövriyyəni gizlədir. Bəzi tanınmış iri market şəbəkələrindən dövriyyəni 10, 15, hətta 40 dəfə aşağı göstərənlər var”.
Taxes.gov.az-ın məlumatına görə, iri ticarət şəbəkələrinin sahiblərinin hökumətdən əlavə dəyər vergisi (ƏDV) ilə bağlı güzəşt istəməsi məsələsinə toxunan nazir müavini qeyd edib ki, həm yerli, həm də beynəlxalq ekspertlər Azərbaycanda ƏDV-nin dərəcəsinin ölkədəki iqtisadi reallıqlara, Avropa və MDB ölkələrindəki dərəcələrə tam uyğun olduğunu bildirir. Nazir müavini ƏDV-nin ümumi vergi daxilolmalarının təxminən üçdə birini təşkil etdiyini, bu vergiyə münasibətdə güzəştlərin tətbiqinin büdcə gəlirlərinə ciddi təsir göstərə biləcəyini, beynəlxalq təcrübədə bu cür vergi güzəştlərinin bir qayda olaraq dövlətin inkişafını xüsusi nəzarətə götürdüyü istehsal, innovativ inkişaf və geniş investisiya qoyuluşu tələb edən sahələrin dəstəklənməsi, eləcə də ayrı-ayrı regionların və iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını təmin etmək məqsədilə tətbiq olunduğunu nəzərə çatdırıb: “Populist çıxışlarla bu məsələdən bir təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərənlər isə bilməlidirlər ki, vergi güzəştləri kiminsə istəyi, xahişi ilə deyil, dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğun olaraq, dövlət qurumlarının ölçülüb-biçilmiş konkret iqtisadi hesablamalarına əsaslanan təhlillər nəticəsində, müəyyən müddətə verilir”.
Vergi qanunvericiliyində ayrı-ayrı sahələrin inkişafı üçün kifayət qədər güzəştlərin mövcud olduğunu qeyd edən nazir müavini indiki mərhələdə ayrı-ayrı ticarət şəbəkələrinə ƏDV ilə bağlı vergi güzəştlərinin verilməsinin məqbul hesab olunmadığını bildirib.
Sahib Ələkbərov qeyd edib ki, ötən ilin 4 ayına nisbətən cari ilin müvafiq dövründə səyyar vergi yoxlamalarının sayı 45,1 faiz, kameral vergi yoxlamaları təxminən 2,5 dəfə, operativ nəzarət tədbirlərinin sayı isə 13 dəfə azaldılıb: “Cari ilin əvvəllərində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına, sahibkarların rahat fəaliyyət göstərməsinə, vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarının icrasının təmin edilməsinə öz müsbət təsirini göstərib. 2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 104,8 faiz əməl edilib”.