Qiyas İbrahimov da ona verilən dəhşətli işgəncələri açdı
Vəkil Elçin Sadıqov həbsdə olan gənc fəal Qiyas İbrahimova işgəncə verilməsi barədə açıqlama yayıb.
Qiyas İbrahimov və digər gənc fəal Bayram Məmmədov mayın 10-da saxlanıblar. Mayın 12-də Xətai Rayon Məhkəməsində onların hər ikisi barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Gənclər hazırda Bakı İstintaq Təcridxanasında saxlanırlar.
Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Cinayət Məcəlləsinə görə, bu maddələrlə təqsirli bilinən şəxslər əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Daxili İşlər Nazirliyi bəyan edib ki, Bayram Məmmədovun üzərindən 2,9 qram, evindən 1 kiloqram 150 qram heroin, Qiyas İbrahimovun üzərindən 2,607 qram, yaşadığı mənzildən 1 kilo 10 qram heroin tapılıb.
Müdafiəçiləri isə hər iki gəncin siyasi sifarişlə tutulduğunu iddia edirlər. Bildirilir ki, mayın 10-na gecə Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərində etirazçı şüarlar yazılıb. Müdafiəçiləri gənclərin bu şüarlara görə saxlandığını vurğulayırlar.
Mayın 16-da vəkil Elçin Sadıqov Bayram Məmmədovun saxlama təcridxanasından göndərdiyi yazılı izahatının surətini yaymışdı. İzahatında Bayram Məmmədov polislərin ona işgəncə verməsindən söz açırdı.
Qiyas İbrahimova işgəncə verilməsi haqda açıqlamanı Elçin Sadıqov mayın 18-də Facebook sosial şəbəkəsində yayıb.
Vəkil yazıb: “Bu gün gənclərlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getdim. Hər iki gənclə görüşdüm. Qiyas İbrahimov ona verilən işgəncələrlə bağlı ətraflı yazmışdı. Həmin işgəncə barədə ərizəni onun əlindən aldılar. Bildirdilər ki, o, işgəncə barədə vəkilinə müraciət edə bilməz. Buna nə qədər etiraz etsəm də, məhəl qoymadılar.
Məcbur olub özüm Qiyasa işgəncələr barədə ifadə verməyi təklif etdim və onun ifadəsi əsasında qeydlərimi apardım. Qiyasın da xahişi belə idi ki, prokurorluq onu hələ də işgəncə barədə dindirmədiyindən ifadəsini yayım. Bəlkə bundan sonra hansısa araşdırma olar”.
Daha sonra vəkil Qiyas İbrahimovdan aldığı ifadəni təqdim edib. Həmin ifadədə Qiyas İbrahimov bunları bildirir: “Mayın 10-da günorta saatlarında Bakı Slavyan Universitetinin ikinci korpusunda imtahandan çıxarkən, çıxış qapısından təxminən 30 addım aralanmışdım ki, başımın arxasından bərk zərbə vurdular. Zərbədən səndələdim, dərhal ikinci zərbənin vurulduğunu hiss etdim və ağzı üstə yıxıldım. Tez məni yerdən götürüb göy rəngli furqon formalı avtomobilə basdılar. Hər iki tərəfimdə mülki geyimli şəxslər var idi. Onlar mənə nə üçün heykəli yazdığımı bildirib irad tutdular və döyməyə, söyməyə başladılar.
Avtomobili Bakı Şəhər Baş Polis İdarəsinin həyətinə sürdülər. Buraya gələndə başa düşdüm ki, onlar polisdirlər. Məni sürüyərək böyük bir otağa gətirdilər. Həmin otaqda məni yenidən döyməyə başladılar. Döyən zaman ağır söyüşlərlə məni təhqir edirdilər. Hər yerimdən vururdular. Ən çox şapalaq və əllərinin içi ilə başıma, boynumun arxasına vururdular. Vurulan zərbələrdən mən huşumu itirdiyimi hiss etdim. Qollarımı arxadan qandallamışdılar. Sonra hiss etdim ki, üzərimə su tökdülər. Bir az ayıldım. Mənə dedilər ki, iki nəfər hal şahidi çağırmışıq. İndi səndən narkotik çıxaracağıq, onlar da görəcəklər. Onlar mənim gödəkcəmin sol cibindən nəsə götürdülər və “narkotik” deyə bərkdən danışdılar. Mən onu birinci dəfə görürdüm. İndiyə qədər siqaret belə çəkməmişəm. Dedim ki, həmin götürdükləri şey mənim deyil, huşumu itirəndə cibimə qoymusunuz. Bu zaman məni yenidən döyməyə başladılar. Ağrılar dözülməz idi.
Bir müddət döyəndən sonra məni qarşıdakı otağa sürüdülər. Həmin otaqda Bayramı gördüm. Onu da döyürdülər. Qışqırıb Bayramı çağırmaq istəyəndə ağzımı tutub başımı burdular, qarnımdan zərbə vurdular. Sancıdan səsim batdı. Həmin an Bayramı otaqdan çıxardılar. Məni yenidən döyməyə başladılar və tələb etdilər ki, heykəldən üzr istəyim, gül qoyum, AzTV gəlib çəksin. Mən imtina etdim. Onlar tələb etdilər ki, o zaman narkotik ittihamını etiraf etməliyəm. İmtina etdikdə məni yenidən döyməyə başladılar. Şalvarımı çıxardılar və dubinka ilə yaxınlaşaraq əxlaqsız hərəkət edəcəklərini bildirdilər. Mən məcbur olub saxta narkotik ittihamını qəbul etdim. Sonra bildirdilər ki, evimizə də gedib narkotik tapacaqlar, mənə deyəcəklər, mən də deyim ki, hə, filan yerə qoymuşam. Bildirdim ki, heç yerə narkotik qoymamışam axı. İstehza ilə biri dedi ki, sən qoymamısan, biz qoyarıq, sonra da taparıq. Yoxsa sənin ananı, atanı da tutub soxarıq içəri. Mənim yeriməyə də halım yox idi. Məni sürüyərək avtomobilə basdılar və yaşadığımız birotaqlı evə gətirdilər. Anam qapını açan kimi polislər zorla doldular içəri. Anamın yatağının altına narkotiki qoydular və sonra “buradadır, tapdıq” dedilər. Anam çox narahat idi. Mən onunla danışmağa cəhd etdim. İstəyirdim başa salam ki, bu siyasi bir işdir. Məni anamla danışmağa qoymadılar. Dərhal məni maşına basdılar və Bakı Şəhər Baş Polis İdarəsinə gətirdilər. Yolda məni yenidən döyməyə başladılar, daha sonra saçımdan tutub üzümə tüpürməyə başladılar.
Məni Bakı Şəhər Baş Polis İdarəsinə gətirdikdən sonra yenidən döyüb etirafedici izahat, ifadə yazdırdılar ki, guya narkotik vasitəni Əkrəm adlı İran vətəndaşından almışam. Halbuki mən ümumiyyətlə Əkrəm adlı şəxs görməmişəm, tanımamışam və eşitməmişəm. Sonra məni Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun yanına apardılar. Qollarım arxadan qandallı idi. Otaqda olan bir nəfər mənə dedi ki, otur. Mən oturmaq istədikdə Mirqafar Seyidov bildirdi ki, mənim qabağımda oturmurlar, diz çökürlər. Həmin an məni gətirən əməkdaş dizimin arxasından təpiklə vurdu və mən dizi üstə düşdüm. Mən qalxmağa cəhd edəndə Seyidovun yanında olan keçəlbaş (özünü dövlətşünas kimi təqdim edirdi) kəmərimi çıxarmağı əmr etdi. Mənim saqqalımdan və saçımdan tutaraq kəmərimi çıxardılar və kəmərimlə məni döyməyə, alçaltmağa başladılar. Məndən heykəli yazmaq üçün kimdən əmr aldığımı, kiminlə əlbir olduğumu, nə üçün belə etdiyimi soruşdular. Mən bildirdim ki, biz demokratiya istəyirik, o olmayanda etiraz edirik. Seyidov uca səslə “hanı sənin demokratiyan!” dedi. Bildirdi ki, sənin qohumlarının heç biri Qarabağda döyüşməyib, amma mən ayağımdan yaralanmışam. Belə söhbət və işgəncələr təxminən 1 saata yaxın davam etdi.
Sonra məni Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə gətirdilər. İçəri daxil olan kimi oranın rəisi “sənsən, ə, heykəli yazan?” deyib məni vurdu. Mən yıxıldım. Sonra onun yanında olan şəxslər məni döyməyə başladılar. Huşumu yenidən itirmişdim, bədənim keyimişdi. Sonra məni kamerama sürüdülər. Sübh tezdən rəis məni Müvəqqəti Saxlama Yerinin həyətinə apardı və həyəti süpürməli olduğumu bildirdi. İmtina etdikdə məni yenidən döyməyə başladılar. Bədənimin hər yeri ağrıyırdı. Onlar məni Müvəqqəti Saxlama Yerinin həyətini süpürməyə, siqaret kötüklərini yığmağa məcbur etdilər. Daha sonra ayaqyolunu da təmizləməyim üçün möhkəm döyməyə başladılar. Onlar ətrafdan gülüşərək telefonları ilə mənim şəklimi çəkirdilər. Bu işgəncə və qeyri-insani rəftar davamlı olaraq davam etdi. Mayın 12-də məni yenidən Müvəqqəti Saxlama Yerinin həyətini süpürməyə, siqaret kötüklərini yığmağa məcbur etdilər. Bu zaman vəkilim Elçin Sadıqov həyətə daxil oldu və mənim işgəncəyə məruz qaldığımı gördü. Elçin Sadıqov buna etiraz edəndə Müvəqqəti Saxlama Yerinin rəisi onu zorla idarədən çölə çıxardı, “get müstəntiq gələndə gələrsən” dedi.
Mən bu işgəncələr barədə 12 may 2016-cı il tarixli məhkəmə iclasında dedim və hakim qərar qəbul etdi ki, mənə verilən işgəncələr araşdırılsın. Mənə verilən işgəncələri araşdırmaq əvəzinə yenidən Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə gətirdilər, işgəncələr yenidən başlandı və Bakı İstintaq Təcridxanasına gətirilənə qədər davam etdi. İndi bütün bədənim, sümüklərim, xüsusilə də başım ağrıyır”.