“Ölkədə nağdsız ödənişlər kəskin azalıb və proses bundan sonra da azalmaqda davam edəcək”. İqtisadçı ekspert Samir Əliyev belə yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, devalvasiyaların fasadları aradan qalxmamış nağdsız ödənişlərə növbəti zərbəni Maliyyə Bazarlarına Nəzarət Palatası vurub: “Palata əvvəlcə xarici valyutada istehlak krediti verilməsini bir aylıq dayandırdı, sonra isə kredit şərtlərini ağırlaşdırmaqla vətəndaşların kreditə, o cümlədən kredit kartlarına əlçatanlığını pisləşdirdi (Daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyuldu). Proses belə davam edərsə, kredit kartı istifadəçilərinin sayı kəskin azalacaq. Bu isə nağdsız ödənişlərin inkişafını tormozlayır.
İlk devalvasiyadan bəri kredit kartlarının sayı 2 dəfəyədək azalaraq 1322 mindən 780 minə düşüb. Kredit kartlarının ümumi plastik kartlarda payı isə bu müddətdə 22%-dən 14%-ə enib. Əhalinin hər 12 nəfərinin cəmi 1-nin cibində kredit kartı var. Bu gedişlə ancaq hər 20-ci şəxs kredit kartı sahibi ola biləcək. Halbuki ilk devalvasiyadan əvvəl hər 7-ci şəxsin kredit kartı vardı.
Kredit kartlarının azalması həm onlarla aparılan əməliyyatların həcminə, həm də sayına mənfi təsir göstərib. Kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin ilk rübündə 644 milyon manat olduğu halda 2016-cı ilin müvafiq dövründə 446 milyon manata düşüb. Belə kartlarla aparılan əməliyyatların sayı ötən ilin yanvar-mart aylarında 4761 olubsa, bu ilin ilk üç ayında 2737-yə enib.
Devalvasiyalar ödəniş kartları vasitəsilə verilən istehlak kreditlərinin həcminə də mənfi təsir göstərib. 2015-ci ilin yanvar ayında, ilk devalvasiyadan əvvəlki ay belə kreditlərin həcmi 685,2 milyon manat idi, bu il aprelin 1-nə 611 milyon manata düşüb. Son statistik məlumata görə, kredit kartları üzrə kreditlərin 362,7 milyon manatı milli, 248,3 milyon manatı isə xarici valyutaların payına düşür.
Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul etdiyi qaydalardan sonra ən azı xarici valyutada olan kredit kartlarının sayı kəskin azalacaq. Çünki aylıq gəlirləri milli valyutada olan şəxslər xarici valyutada kredit götürə bilməyəcəklər. Bundan başqa milli valyuta kreditləri şərtlərinin ağırlaşdırılması ödəniş kart sahiblərinin sayını əhəmiyyətli dərəcədə azaldacaq. Palatanın, misal üçün, 1000 manatlıq kredit kartı üçün 40-50 min manatlıq evi girov qoymaq təşəbbüsü gülməli olmaqla yanaşı təhlükəlidir. DTİ (borcun gəlirə nisbəti) əmsalının aşağı salınması, aylıq gəlir olaraq ancaq xalis gəlirin götürülməsi, yaşayış minimumunun nəzərə alınması, zaminlərin kredit ötürənlərə bərabər tutulması və sair kimi məhdudlaşdırıcı qaydalar tezliklə bankomatların və POS-terminalların xidmətinə ehtiyacı kəskin azalda bilər. Mərkəzi Bankın 2016-cı ilin ikinci rübü üzrə statistik hesabatında bu azalma özünü daha qabarıq şəkildə göstərəcək. Ona görə də Maliyyə Bazarlarına Nəzarət Palatası qaydalara yenidən baxmalı, nağd kreditləşmədən fərqli olaraq ödəniş kartları vasitəsilə kreditləşmə şərtlərini yumşaltmalıdır”.
2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Fevralda manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, dekabrda isə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub.