Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalmasını istəyənlərin sayı artıb. “İpsos MORİ” şirkətinin “Evening Standard” qəzeti üçün apardığı sorğunun mayın 18-də açıqlanan nəticələri bunu göstərir.
İyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirmək üçün referendum keçiriləcək.
Novator.az xəbər verir ki, sorğu zamanı respondentlərin 55%-i Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı keçiriləcək referendumda ölkənin ittifaqa üzvlüyünün saxlanmasına səs verəcəyini bildirib.
Sorğuya cəlb olunanların 37%-i isə Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyib. Bu, iki siyasi düşərgə arasında ən böyük fərqdir. Buna qədər müxtəlif qurumların keçirdiyi sorğularda respondentlərin yarıdan çoxu ölkənin Avropa İttifaqından çıxmasını dəstəkləyirdi.
1957-ci ildə əsası qoyulmuş Avropa İttifaqına Böyük Britaniya 1973-cü ildə daxil olub. Hazırda Avropa İttifaqının 28 üzvü var.