Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin keçirdiyi görüşlə bağlı rəsmi Bakıdan və Yerevandan ilk reaksiyalar gəlib.
Görüş mayın 16-da olub. Prezidentlər İlham Əliyevlə Serj Sərkisyanın bir araya gəldiyi, xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın da iştirak etdiyi görüş ABŞ-ın dövlət katibi Con Kerri, dövlət katibinin müavini Viktoriya Nuland, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa), ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub.
Con Kerri, Sergey Lavrov və Harlem Desir görüşün yekunlarına dair birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüz olduğu vurğulanır. Minsk qrupunun həmsədrləri tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişlərinə hörmət etməyə çağırır. Sənəddə qeyd edilir ki, Azərbaycan və Ermənistan prezidentləri atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həlli nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.
Bəyanatda həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsinin davam etdirilməsi və münaqişənin hərtərəfli həlli üçün növbəti danışıqların iyun ayında keçirilməsinə dair razılıq əldə olunması yer alır. Prezidentlər gələn ay keçiriləcək danışıqların yerini və vaxtını təyin edəcəklər.
Mayın 17-də Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti nazir Elmar Məmmədyarovun Vyana görüşü ilə bağlı KİV-ə açıqlamasını yayıb. Açıqlamasında nazir deyib: “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qiymətləndirməsi ilə razıyam ki, mayın 16-da keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisinin, beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir”.
Ermənistan prezidenti Serj Sərkisyan isə Vyana səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Novator.az xəbər verir ki, jurnalistlər Sərkisyanın diqqətini danışıqlar masası arxasında Sergey Lavrovla yanaşı oturmasına çəkiblər. Ermənistan prezidenti qeyd edib ki, əvvəlcədən belə razılaşma olmayıb: “Düşünmürəm ki, bu, mühüm əhəmiyyət kəsb edir, özü də bugünkü reallıqları nəzərə alanda”.
Serj Sərkisyan Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara toxunarkən deyib ki, Ermənistan növbəti görüşün ATƏT-in atəşkəs rejiminin monitorinqi üzrə sistemi işə düşəndən sonra keçirilməsini təklif edib.
Müharibənin əleyhinə olduğunu iddia edən Ermənistan prezidenti Vyana görüşündən sonra atəşkəs rejiminin pozulma hallarının azalacağına inandığını bildirib.
1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü il mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı mayın 16-da 52-yə çatıb. Bunun 20-si İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.