Mayın 10-da saxlanan, sonradan narkotik ittihamı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən gənc fəal Bayram Məmmədov vəkili vasitəsilə saxlama təcridxanasından izahat göndərib. İzahatın surətini vəkil Elçin Sadıqov yayıb.
Bayram Məmmədov və digər siyasi fəal Qiyas İbrahimov barəsində mayın 12-də Xətai Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Bakı İstintaq Təcridxanasında saxlanırlar.
Gənclər Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Cinayət Məcəlləsinə görə, bu maddələrlə təqsirli bilinən şəxslər əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Daxili İşlər Nazirliyi bəyan edib ki, Bayram Məmmədovun üzərindən 2,9 qram, evindən 1 kiloqram 150 qram heroin, Qiyas İbrahimovun üzərindən 2,607 qram, yaşadığı mənzildən 1 kilo 10 qram heroin tapılıb.
Müdafiəçiləri isə hər iki gəncin siyasi sifarişlə tutulduğunu iddia edirlər. Bildirilir ki, mayın 10-na gecə Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərində etirazçı şüarlar yazılıb. Müdafiəçiləri gənclərin bu şüarlara görə saxlandığını vurğulayırlar.
“Azadlıq” radiosunun məlumatına görə, Bayram Məmmədov öz izahatında ona işgəncə verildiyini vurğulayıb.
İzahatında gənc fəal nəql edir ki, onu mayın 10-u saat 14-15 radələrində 3 nəfər mülki geyimli şəxs avtomobilə oturdaraq zorla Nərimanov Rayon Polis İdarəsinin 12-ci bölməsinə aparıb: “Məni rəisin otağına gətirdilər, otaqda 7-8 mülki geyimli şəxs var idi. Onlar məni yumruq, şillə və təpik zərbələri ilə döyməyə başladılar. Məndən nə üçün heykəlin şəklini çəkdiyimi, bu işdə kimlə əlbir olduğumu soruşaraq davamlı olaraq döyürdülər. Döyülməkdən demək olar ki, heç nə eşitmirdim və huşumu itirmişdim”.
Bayram Məmmədovun yazdığına görə, daha sonra onu Bakı Şəhər Baş Polis İdarəsinə gətiriblər və burda onu yenidən döyməyə başlayıblar, narkotik ittihamını etiraf etməsini tələb ediblər: “İndiyə qədər narkotik maddə görmədiyimi bildirəndə məni heykəlin şəklini çəkdiyimə görə tuta bilməyəcəklərini bildirib daha şiddətlə döyməyə başladılar. Onlar məni hər döyəndə söyürdülər. Şalvarımı çıxarıb dəyənəklə əxlaqsız hərəkət edəcəklərini bildirdikdə məcbur qalıb saxta narkotik ittihamını qəbul etdim. Onların tələb etdiyi məzmunda izahat-ifadə verdim. Sonra məni generalın yanına aparıb əgər heykəlin qarşısına gül qoyub və AzTV-yə danışsam, heykəldən üzr istəsəm məni buraxacaqlarını dedilər”.
Bayram Məmmədov qeyd edir ki, bundan imtina edəndə onu yenidən döyüblər.
Bayram Məmmədov yazır ki, mayın 11-də Nərimanov rayonunda müvəqqəti saxlama yerinin rəisi ondan yeri təmizləməyi, siqaret kötüklərini yığmağı tələb edib: “İmtina etdikdə məni şillə-yumruqla döyməyə başladı. Yenə imtina etdikdə işçilərə göstəriş verdi ki, aparın dubinkanı soxun buna, şəklini çəkin. Bundan sonra məcbur olub razılaşdım. Əlimə süpürgə və xəkəndaz verib şəklimi çəkdilər”.
Gənc fəal mayın 12-də məhkəmədən qayıtdıqdan sonra yenidən döyüldüyünü deyir: “Rəisin otağına apardılar, orda daha 2 mülki şəxs vardı. Onlar məni heykəlin şəklini çəkməkdə əlbir olduğum müxtəlif şəxslərin adını çəkərək onlara qarşı ifadə verməyim üçün məni dilə tutmağa başladılar. Bildirdilər ki, heykəlin qarşısına gül qoy, baş əy və AzTV-yə danış, hələ ki, gec deyil, səni azad edə bilərik. Bu təklifdən imtina etdikdə telefonla kiməsə tapşırıq verib “Aparın bununla bir az məşğul olun” dedi”.
Gənc fəal yazır ki, bundan sonra ona ağır işgəncələr verilib: “Qollarımı arxadan qandalla bağlayaraq dəyənək, yumruq və təpiklə döyməyə başladılar. Hətta ayağımı da qandallamışdılar. Ağrıdan qışqırmağa başlayanda ağzımı “skoç”la bağladılar. Qandalların ayağımda və əlimdə işgəncə izi buraxdığını görüb əllərimi və ayaqlarımı kürəyimə yığıb “skoç”la bağladılar. Ağzı üstə yerə uzatdılar, bir nəfər kürəyimdə oturub ayaqlarımı saxlayırdı, digəri isə falaqqa üsulu ilə ayaqlarımın altına işgəncə verirdi. Sonra onlar məni əl-ayağım bağlı vəziyyətdə qaldırıb, göydən yerə çırpdılar. 4-5 dəfə atıb, yerə çırpdıqdan sonra “skoç” cırıldı və yenidən yerə uzadıb əllərimi ayaqlarıyla əzməyə başladılar. Digəri isə yenə də falaqqa üsuluyla ayaqlarımın altına döyməyə başladı. Sonra ayaq üstə qaldırıb dəyənəklə sinəmə və dizimə zərbələr endirməyə başladılar”.
Gənc fəal müraciətində ayaqyolu təmizləməyə məcbur edildiyini, bundan imtina etdikdə huşunu itirənədək döyüldüyünü yazır: “Hazırda qollarımda, ayaqlarımda, dizimdə işgəncə nəticəsində yaranmış açıq, qapalı və çoxlu qançırlar var. Açıq yaralar biləyimdə və əllərimdədir. Zərbələrdən hələ başımda ağrılar var. Ayaqlarımda da açıq yaralar var. Sidiyim qan qarışıqlıdır, yemək yeyərkən çənəmdə kəskin ağrılar olur, döş qəfəsim, qabırğalarım, ayaqlarım, əllərim, hər yerim ağrıyır”.
Azərbaycanda hüquq mühafizə orqanları polis idarələri və təcridxanalarda işgəncə olması ilə bağlı şikayətləri qəti olaraq inkar edirlər. Bu məsələdə ölkədə fəaliyyət göstərən Ombudsman Aparatının da mövqeyi hüquq mühafizə orqanların açıqlamalarından fərqlənmir. Aparat rəsmiləri dəfələrlə bildiriblər ki, təcridxanalarda çoxsaylı monitorinqlər aparsalar da heç vaxt işgəncə halı ilə rastlaşmayıblar.
Bayram Məmmədovun məktubunda yer alan şikayətlərə isə Daxili İşlər Nazirliyindən hələlik münasibət bildirilməyib.
Bayram Məmmədov mayın 12-də keçirilən məhkəmə prosesində işgəncəyə məruz qaldığını bildirərək buna hüquqi qiymət verilməsini xahiş etmişdi. Bununla bağlı onun vəkili də vəsatət qaldırmışdı. Gənc fəal barəsində həbs qətimkan tədbiri seçilən qərarda Baş Prokurorluğun işgəncə faktlarını araşdırması da nəzərdə tutulub. Ancaq sonradan bu qurumdan araşdırma ilə bağlı hər hansı açıqlama verilməyib.