Rusiyanın 1700 dövlət müəssisəsindən yalnız 12-si mənfəətlə işləyir. Novator.az xəbər verir ki, dövlət müəssisələrinin effektivliyini yoxlayan Nəzarət-Təftiş İdarəsinin (Rusiya prezidentinə tabedir) mayın 16-da yaydığı hesabatda belə deyilir.
Yoxlamanın nəticəsinə görə, 340 dövlət şirkəti müflisləşmə həddindədir. Zərərlə işləyən digər 210 dövlət müəssisəsinin 2015-ci ildə dövlət büdcəsinə vurduğu ziyanın ümumi həcmi isə 36 milyard rubl (554 milyon dollardan çox) olub.
Nəzarət-Təftiş İdarəsinin məruzəsində deyilir ki, dövlət mülkiyyətinin idarəçiliyi portalında 200 şirkətin fəaliyyəti haqda heç bir məlumat yoxdur, digər şirkətlər haqda informasiyalar isə ya tam deyil, ya da həqiqəti əks etdirmir. Bu da dövlət öhdəliklərinin yerinə yetirilib-yetirilmədiyini müəyyənləşdirməyə mane olur.
Hesabatda bildirilir ki, dövlətin iştirakı ilə yaradılmış şirkətlər effektivliyi qaldırmaq üçün bir qayda olaraq əməliyyat xərclərini səmərəsiz üsullarla azaltmaq yolunu tutur.
Nəzarət-Təftiş İdarəsinin yoxlamasına görə, hökumətin xüsusi siyahısına daxil olan şirkətlərdən yalnız 15-i mənfəətlə işləmək barədə öhdəlik götürüb.
2015-ci ilin oktyabrından 2016-cı ilin fevralına qədər Mərkəzi Bankın lisenziyalarını ləğv etdiyi banklarda dövlət müəssisələrinin 53 milyard rubl (816 milyon dollardan çox) həcmində vəsaiti qalıb.