Azərbaycanda parlament idarə üsulunun tətbiqi gərəkdirmi? Transparency.az bu sualla politoloq Azər Qasımlı və Milli Məclisin deputatı Zahid Oruca müraciət edib.
Azərbaycanda icra hakimiyyəti prezidentə mənsubdur. 125 deputatın hamısı majoritar üsulla seçilən parlamentin baş nazirin təyinatına razılıq vermək səlahiyyəti var. Parlament prezidentin təqdim etdiyi namizədin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verməsə, baş nazir Milli Məclisin razılığı olmadan təyin edilə bilər.
Azər Qasımlı deyir ki, parlament və ya prezident idarə üsulunun tətbiqi məsələsi postsovet məkanında, o cümlədən Azərbaycanda 1990-cı illərdən müzakirə edilir: “Amma istər AXC-Müsavat hakimiyyəti, istər YAP iqtidarı parlament idarə üsulunun tətbiqini qəbul etmədi. Konstitusiyaya görə, bizdə qarışıq sistemdir: prezident idarə üsuludur, amma baş nazir postu var, parlament onu təsdiq edir. Bizdə və Baltik ölkələrini çıxmaq şərti ilə əksər postsovet respublikasında daha çox Fransa modelinə üstünlük verilir. Amma bu sistem ən yanlış təcrübədir, dövlət başçısına, prezidentə manipulyasiyalar üçün şərait yaradır. Ölkədə, iqtisadiyyatda işlər pis gedəndə prezident məsuliyyəti baş nazirin üstünə atır. Əslində isə bütün hakimiyyət prezidentlərin əlindədir”.
Politoloqun fikrincə, klassik parlament respublikası modeli və ya ABŞ-dakı kimi klassik prezident idarə üsulu olsa, Azərbaycanda siyasi münasibətlər fərqli inkişaf edə bilərdi: “Hər iki halda parlamentin önəmi artacaq, onun ciddi impiçment imkanları olacaqdı, bu, prezidenti daha aktiv və daha məsuliyyətli olmağa məcbur edəcəkdi”.
Azər Qasımlı hər bir halda siyasi sistemin normal işləməsi üçün əsas institut və vasitənin azad və ədalətli seçkilər olduğunu vurğulayır: “Əgər seçki azad, ədalətli və rəqabətli deyilsə, istənilən sistem demokratik olmayacaq. Nə bizdə, nə Ermənistanda, nə Özbəkistanda demokratik seçki təcrübəsi var. Ermənistan son konstitusiya dəyişikliyindən sonra parlament respublikası sayılsa da, ziddiyyətli və yanlış qaydalar üzərində qurulmuş sistem qəbul ediblər. Klassik parlament respublikalarında icraedici hakimiyyəti ən çox səs toplayan partiya və partiyaların koalisiyaları formalaşdırır. Ermənistanda isə koalisiyalar olmayacaq. Parlament seçkisində birinci və ikinci yerə çıxan iki partiya mandatların yarıdan çoxunu əldə etmək üçün yenidən seçkiyə qatılacaq. Bu, klassik parlament respublikası modelinə ziddir, bir şəxsin və ya bir qrupun daima təkbaşına hakimiyyətdə qalmasına xidmət edəcək. Hələ ki, bu istiqamətdə ən doğru inkişaf edən Gürcüstandır.
Azərbaycana gəlincə, haçansa parlament respublikası modelinə üstünlük verilsə, keçid tədricən baş verməlidir. Parlament respublikasına birbaşa keçidin fəsadları böyükdür”.
Zahid Oruc parlament idarə üsulunun üstün və mənfi cəhətlərinə diqqət çəkib: “Azərbaycanda parlament idarə üsulunun tətbiqinə baxışlar həmişə müxtəlif olub. Bir qisim hesab edir ki, bu, partiyaların daha da güclənməsinə, ölkədə demokratiyanın, idarəçiliyin möhkəmlənməsinə, xalqın nəzarət imkanlarının artmasına təsir göstərəcək. Digər tərəfin fikrincə isə partiyaların müxtəlif qaranlıq, çirkli layihələrin içərisində olması ölkədə anarxiyaya yol aça bilər. Kollegial idarəçiliyə söykənildiyi halda müharibə şəraitində operativ qərarlar vermək imkanını itirən dövlət cəmiyyətin tələblərinə, çağırışlarına hazır olmaz.
Azərbaycanda güclü partiyalar sisteminin qorunmasının tərəfdarıyam. Partiyalar ölkənin bütün bucaqlarında dayaqlar qurmalı, xalq partiyasına çevrilə bilməlidirlər. Amma indi Azərbaycanda parlament idarə üsuluna keçid real deyil, konstitusiyada dəyişiklik tələb edilir. Nəzərə alsaq ki, 2002 və 2009-cu illərdə biz iki dəfə konstitusiya referendumuna getmişik, yaxın gələcəkdə məsələnin gerçəkləşdirilməsi real görünmür. Hərçənd hazırkı prezident parlament idarə üsulu şəraitində də ölkəni idarə etməyə qadirdir və bu, ölkə üçün hər hansı qeyri-dayanıqlı vəziyyətlərə yol açmaz”.
Cənubi Qafqazın üç ölkəsindən ikisində hökumət parlament seçkisinin nəticəsi əsasında qurulur. Gürcüstanda 150 yerlik parlamentin 77 deputatı proporsional (partiya siyahıları üzrə), 73 deputatı majoritar (dairələr üzrə) üsulla seçilir. Hökuməti parlamentdə mandatların yarıdan çoxunu əldə edən partiya formalaşdırır.
90 deputatı proporsional, 41-i majoritar üsulla seçilən 131 yerlik Ermənistan parlamentində də mandatların yarıdan çoxunu alan partiyaya hökumət qurmaq səlahiyyəti verilir. Ölkənin yeni konstitusiyası isə 2017-ci ildən parlament respublikası idarə üsuluna keçidi nəzərdə tutur. Yeni ana yasaya görə, hökuməti tam proporsional üsulla seçiləcək 101 yerlik parlamentdə 53 mandatı olan partiya quracaq.
Keçmiş SSRİ ölkələri Estoniya, Latviya, Litva, Moldova, Ukrayna, Qırğızıstanda da hökumət parlament seçkisinin nəticəsi əsasında formalaşır. Özbəkistanda hökumət başçısı postuna namizədi parlamentin aşağı palatasında ən çox deputatı ola siyasi partiya təqdim edir.