90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan iddiaçıların sayı 12-yə yüksəlib. Mərkəzi Seçki Komissiyasının sözçüsü Şahin Əsədli mayın 13-də Transparency.az-a bildirib ki, dairə seçki komissiyasına müraciət edənlərin 1-i Yeni Azərbaycan Partiyasından, 1-i Ümid Partiyasından namizədliyini irəli sürüb, 10 nəfər isə seçkiyə fərdi qaydada qatılıb: “Təsdiq olunan 12 namizəddən 4-ü imza vərəqələrini geri qaytarıb, Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov qeydə alınıb. Digər şəxslərin imzaları yoxlanır”.
Azərbaycanda son parlament seçkisi 2015-ci ilin noyabrında 125 dairə üzrə keçirilib. Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkinin nəticəsi ləğv olunub. Mərkəzi Seçki Komissiyası dairə üzrə şikayətlərə baxarkən belə qərar verib.
Aprelin 12-də prezident İlham Əliyev 90 saylı dairə üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Seçki bu il iyunun 18-nə təyin edilib.
Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Təqvim planına görə, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi aprelin 29-dan başlayıb və mayın 19-u saat 18-də bitəcək.