“Qeyri-neft sektoruna görünməmiş dərəcədə diqqət yetirməli, ölkəmizi xarici investorlar üçün daha cəlbedici etməliyik”. Mayın 11-də Fransa Sahibkarlar Təşkilatı MEDEF-in nümayəndə heyəti ilə görüşən prezident İlham Əliyev belə deyib.
MEDEF-lə əməkdaşlığın müxtəlif istiqamətlərinə toxunan prezident qeyd edib ki, indi diqqəti enerji, nəqliyyat, kosmos sənayesi və digər ənənəvi sahələrlə yanaşı Azərbaycan üçün prioritet xarakter daşıyan sektorlara yönəltmək olar: “Neft qiymətlərindən, neft və qaz sektorundan asılılığın azaldılması və xalqımız üçün yaxşı yaşayış standartlarını təmin edə biləcək davamlı iqtisadiyyatın qurulması nəzərdə tutulur. Biz bu istiqamətdə işləyirik, iqtisadi islahatları və Azərbaycanda iş yerlərinin artırılmasına yönəlmiş islahatları həyata keçiririk.
Son illər ərzindəki iqtisadi nailiyyətlər böyük təəssürat bağışlayır. Biz bir çox sosial məsələnin həllinə nail olduq. Yoxsulluğu 5 faizə qədər azaltdıq, işsizlik demək olar eyni səviyyədədir və ölkəmizdə münbit sərmayə şəraiti mövcuddur. Son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb. Həmin investisiyaların yarısı xarici sərmayələrdir. Düzdür, xarici sərmayələrin əksər hissəsi neft və qaz sektoruna yatırılıb, hazırda isə iqtisadiyyatın digər sahələrinə daha çox diqqət yetirilməlidir. Birmənalı olaraq neft qiymətləri ilə bağlı vəziyyət iqtisadiyyatımıza mənfi təsir göstərib. Bu, əsasən əvvəllər əldə etdiyimiz gəlirlərlə bağlıdır. İndi isə qiymətlərin üç-dörd dəfə aşağı düşdüyü dövrdə gəlirlərimiz də müvafiq olaraq üç-dörd dəfə azalıb. Biz bunu islahatların daha fəal qaydada həyata keçirilməsi ilə əvəzləmək və qeyri-neft sektoruna daha çox diqqət yönəltmək istəyirik. Bu sektor hazırda ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir və hesab edirəm ki, bu, şaxələndirmənin yaxşı göstəricidir. Lakin biz daha çox çalışmalıyıq. 2016-cı il üçün nəzərdə tutduğumuz planlar sabitləşmə ilə bağlıdır. Bu artıq baş verir.
Hazırda maliyyə vəziyyəti sabitdir. Eyni zamanda büdcə gəlirləri yaxşı səviyyədədir. 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq. Dövlət və özəl sərmayələr artıq planlaşdırılıb. Əlbəttə, infrastruktur layihələri prioritet olacaq. Həmçinin maraqlı olduğumuz sahələrə xarici sərmayələri gözləyirik. Biz sərmayədarların maraqları ilə ölkəmizin maraqları arasında tarazlığı tapmalıyıq. Bu günə qədər, fikrimcə, biz bu vəzifənin öhdəsindən gəlmişik. Lakin bu il yeni iqtisadi vəziyyət ilidir. Dəfələrlə qeyd etdiyim kimi, biz artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq. Demək olmaz ki, neft və qaz erası bitib. Sadəcə, biz bu faktoru kənara qoymalıyıq və öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur”.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı hökumətin Azərbaycanda daha cəlbedici biznes mühitinin yaradılması üzərində çalışdığını vurğulayıb: “1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra ölkəmiz çox yoxsul vəziyyətdə idi. Vəziyyət tamamilə nəzarətdən çıxmışdı, siyasi böhran hökm sürürdü, vətəndaş müharibəsi baş verdi. Həmçinin Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı çox ağır və faciəli anlar idi. Biz dövləti qurmalı idik. İqtisadiyyat tənəzzülə uğramışdı. İnflyasiya min faizdən artıq idi. Sənayedə durğunluq yaranmışdı. Ölkə təcrid olunmuşdu. Heç kəs Azərbaycan haqqında heç nə bilmirdi. Bir sözlə, irəliyə doğru getmək üçün yeganə yol ölkəni xarici sərmayələrə açıq etmək idi. Bu, yeganə yol idi.
1994-cü ildə hökumətimiz Azərbaycanı dünyaya açan “Əsrin kontraktı” adlanan müqaviləni imzaladı. Bu, bizə sərmayələri cəlb etmək, iqtisadiyyatı sabitləşdirmək imkanı yaratdı. 1996-cı il artıq resessiyanın dayandığı ilk il oldu. 1996-cı ildən etibarən ölkəmizdə iqtisadi artım dövrü başladı. Ən sürətli artım 2000-ci illərin ortalarında oldu. Bu, əsasən, neft hasilatının və qiymətinin artımı ilə bağlı idi. Biz vəsaitləri müasir infrastrukturu yaratmaq məqsədilə sərf etdik, çünki buna ehtiyacımız var idi. Sosial infrastruktur yaradıldı. Azərbaycanda son 10 il ərzində 3 mindən artıq məktəb və 500-dən çox xəstəxana tikildi. Bütün bunlar sosial layihələrdir. Elektrik enerjisi stansiyaları tikildi. Son 10 il ərzində əvvəlki bütün təcrübə illəri ilə müqayisədə daha çox elektrik enerjisinin istehsalı obyektlərini inşa etmişik. Hazırda biz elektrik enerjisini ixrac edirik. Qazlaşdırma qazla zəngin olan ölkədə cəmi 20 faiz səviyyəsində idi. İndi bu, 90 faizdir. Biz qazı idxal edirdiksə, indi onu ixrac edirik.
Yol infrastrukturuna gəldikdə, minlərlə kilometrlik, bəlkə də, on min kilometrdən artıq yollar çəkilib. Bütün bunlar inkişaf, yenidənqurma və yerli, xarici sərmayə şirkətləri üçün yaratdığımız əsaslar oldu. Hazırda elə bir vaxtdır ki, biz qeyri-neft sektoruna heç vaxt görünməmiş dərəcədə diqqət yetirməliyik. Ölkəmizi xarici investorlar üçün daha cəlbedici etməliyik. Hazırda sürətləndirdiyimiz fəal və dərin iqtisadi islahatlar bu məqsədi daşıyır.
Azərbaycanda sərmayə qoymağı arzulayan xarici şirkətlərin qarşısında olan maneələr hansılardır? Biznes mühitində olan maneələr nədir? Gömrük qaydaları, vergilər necədir? Xarici və yerli şirkətlərin sərmayələri üçün digər maneələr nədən ibarətdir? Bununla bağlı ciddi qərarlar qəbul etmişik. Onlar artıq öz effektivliyini göstərir. Məsələn, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamaların məhdudlaşdırılması nəzərdə tutulur. Əgər 2015-ci ilin birinci rübündə 20 min yoxlamamız var idisə, bu rəqəm 2016-cı ilin birinci rübündə cəmi 30-dan artıq olub”.