ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 12-də bəyanat yayıb. Novator.az xəbər verir ki, bəyanatda Azərbaycan və Ermənistan prezidentləri yubanmadan görüş keçirməyə çağırılır. Görüşün gələn həftə Avstriyanın paytaxtı Vyanada keçirilməsi təklif olunur.
Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyonun (Fransa) yaydığı bəyanatda qeyd olunur ki, cəbhə xəttindəki son zorakılıq fonunda və təmas xəttində gərginliyi azaltmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi vaxtı çatıb: “Bizim (Rusiya, Fransa və ABŞ – red.) xarici işlər nazirləri bu görüşün Vyanada keçirilməsinə yardım göstərməyə hazırdırlar. Nazirlərin əsas vəzifəsi atəşkəs rejiminin möhkəmləndirilməsi və nizamlanma üçün əlverişli şəraitin yaradılmasından ibarət olacaq. Zorakılıq davam etdiyi halda danışıqlarda heç bir uğur əldə edilə bilməz. Danışıqlar prosesi olmadan isə sülh mümkün deyil”.
1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü il mayında elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.
Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı 51-dir. Bunun 23-ü Heydər Əliyevlə Robert Köçəryanın görüşləri, 9-u İlham Əliyevlə Robert Köçəryanın görüşləri, 19-u İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.
Son görüş ötən il dekabrın 19-da İsveçrənin paytaxtı Berndə olub.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.