Braziliya parlamentinin yuxarı palatası (Senat) mayın 12-də prezident Dilma Russefi 6 ay (180 gün) müddətinə vəzifədən uzaqlaşdırmağa səs verib. Novator.az-ın məlumatına görə, qərar 20 saatlıq müzakirədən sonra çıxarılıb.
Senatın 55 üzvü Dilma Russefin impiçment prosesinin davam etdirilməsinin lehinə, 22 üzvü əleyhinə çıxıb. Prezidenti 180 gün müddətinə vəzifədən kənarlaşdırmaq üçün 41 səs gərək idi.
Dilma Russef büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergi pozuntularında günahlandırılır.
Braziliya Konqresinin Deputatlar Palatası aprelin 17-də Dilma Russefi vəzifədən kənarlaşdırmağa səs verib. Səsvermədə impiçment qərarını aşağı palata deputatlarının üçdə ikisi – 342 nəfər dəstəkləyib.
Tam impiçment üçün Senat Ali Məhkəmə sədrinin rəhbərliyi ilə toplanmalıdır. Həmin iclasda 54 deputat impiçmentə tərəfdar çıxsa, 2018-ci ilin prezident seçkisinədək dövlət başçısının səlahiyyətləri vitse-prezident Mişel Temerə keçəcək.