Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törədilən təxribatlar zamanı beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş hərbi sursatlardan istifadə olunur.
Bunu Müdafiə Nazirliyinin kimya xidmətinin zabiti Müstəcab Niyarov Ermənistan hərbi birləşmələrinin qadağan olunmuş mərmilərdən istifadə etməsi faktı ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib.
M.Niyarov deyib ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mayın 10-da Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində aşkar olunmuş partlamamış mərmi beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilən hərbi sursat növünə aid olan, daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) kimyəvi tərkibli olan D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Bu tip mərmilər partlayan zaman 15-20 metr radiusda ətrafa səpələnir və zəhərli ağ tüstü buludu yaradır. Həmin tüstü buludu bütün canlı orqanizmlər üçün ciddi təhlükə mənbəyidir. Küləyin sürəti və istiqamətindən asılı olaraq, bu radius daha da arta bilər.
Nazirliyin kimya xidmətinin zabiti qeyd edib ki, ağ fosfor bərk, mumşəkilli, zəhərli maddədir (onun 0,1 mq-ı insan üçün öldürücü dozadır). Fosfor havada öz-özünə alışır və böyük miqdarda kəskin zəhərli ağ tüstü buraxaraq yanır. Fosforun alışma temperaturu 34 dərəcədir, yanan zaman isə 900-1200 dərəcəyədək istilik verir.
Plastitləşdirilmiş ağ fosfor sintetik kauçukdan və ağ fosfor zərrəciklərindən ibarət kütlə şəklindədir, saxlama zamanı çox dayanıqlıdır, partlayış baş verərkən tədricən yanan böyük hissələrə parçalanır. Yanan fosfor insan bədəninə düşən zaman ağır, ağrılı, uzun müddət sağalmayan yanıqlar əmələ gətirir. Plastitləşdirilmiş ağ fosfor artilleriya mərmilərində, minalarda, aviabombalarda, əl qumbaralarında istifadə olunur.
Erməni silahlı bölmələri bu tip mərmilərdən təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduqları zaman deyil, həmçinin yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı da istifadə edirlər.