Rusiya paytaxtı Moskvanın sabiq meri Yuri Lujkov jurnalistlərə ölkəsinin hazırkı dövlət idarəçiliyindən danışıb.
Novator.az-ın məlumatına görə, Lujkov deyib ki, hazırkı dövlət idarəçiliyi “əllə idarə olunan sistemi” xatırladır. Sabiq mer hesab edir ki, belə sistem disbalansa səbəb ola, rusiyalıların vəziyyətini pisləşdirə bilər.
Aprelin 14-də Rusiya prezidenti Vladimir Putin birbaşa efirdə ölkə vətəndaşlarının suallarını cavablandırıb. Yuri Lujkov jurnalistlərə açıqlamasında bu məsələdən də söz açıb: “Canlı yayımda Vladimir Putinlə sual-cavablara baxdım. Çoxları bu qədər sualın içində macal tapıb Putinə sual verə bilməsi ilə fəxr edir. Putin, əlbəttə, hazırlaşır, mövzuya uyğun cavab verməyə, dəyərli iş görməyə çalışır. Amma mən bir məsələ üzərində də düşünərdim: sualın çox olması ölkədə vəziyyətin heç də ürəkaçan olmadığından, böyük problemlərin mövcudluğundan xəbər verir. Ölkənin birinci şəxsə üz tutması göstərir ki, Rusiya “əllə idarə olunma rejiminə” doğru irəliləyir”.
Açıqlamasında Lujkov Nazirlər Kabinetinin işindən narazılığını ifadə edib və prezidenti hökumət qarşısında qaldırılan problemləri, eyni zamanda hökumətdəki kadr problemlərini dərhal həll etməyə çağırıb.
Sabiq mer bildirib ki, dövlət başçısı vətəndaşların dolanışığını yaxşılaşdırmasa, onun işi digər uğurlar nəzərə alınmadan dəyərləndiriləcək: “Hakimiyyət problemləri yaxşı həll edərsə, xalq ildən-ilə daha yaxşı yaşayarsa, ölkə texnoloji cəhətdən inkişaf etmiş dövlətlər səviyyəsinə yüksələrsə, elmdə, istehsalatda önə keçərsə, belə ölkənin lideri həm öz müasirləri arasında, həm də gələcək tarixdə müsbət dəyərləndirilər. Düşünürəm ki, istənilən dövlət başçısı özünə belə bir sual verir: bu və ya digər situasiyada ona necə qiymət veriləcək?”
Yuri Lujkov 1992-2010-cu illərdə Moskvanın meri olub.
Vladimir Putin ilk dəfə 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ilin martında yenidən prezident seçilib.