Mayın 4-də Ali Məhkəmə həbsdə olan AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusiflinin kassasiya şikayətinə baxıb. Azadliq.org-un məlumatına görə, məhkum veteranın cəzası 7 il 6 aydan 6 ilə endirilib.
Vəkil Fəxrəddin Mehdiyev Ali Məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş edib. O qeyd edib ki, məhkəmə prosesində Asif Yusiflinin təqsiri sübuta yetirilməyib, həmçinin şikayətçi iddiasını geri çəkib.
Vəkil deyib ki, Asif Yusifliyə azad olmaq imkanı yaradan istənilən qərarı məqbul sayır. Asif Yusiflinin iki azyaşlı övladının olduğunu, uşaqlardan birinin şəkərdən əziyyət çəkdiyini vurğulayan vəkil müdafiə etdiyi şəxsin Qarabağ əlili olmasına da diqqət çəkib. Fəxrəddin Mehdiyev deyib ki, Qarabağ münaqişəsinin indiki həssas məqamında Asif Yusiflinin azad edilməsini bütün veteranlar alqışlayar.
Amma məhkəmə Asif Yusiflini azadlığa buraxmayıb. Vəkil qərardan Ali Məhkəmə Plenumuna və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini söyləyib.
Asif Yusifli 2014-cü il noyabrın 25-də dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamı ilə tutulub. Ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını ötən il Bakı Ağır Cinayətlər Məhkəməsi kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.