Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan hökumətinin “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” adlı qanun layihəsini nəzərdən keçirmək niyyətinə münasibət bildirib.
Ermənistan hökuməti mayın 5-də keçiriləcək iclasının gündəliyinə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq barədə qanun layihəsinin müzakirəsini daxil edib. Layihənin müəllifləri deputatlar Zarui Postancyan və Qrant Baqratyandır. Hökumətin iclasında layihəni xarici işlər naziri Edvard Nalbandyan təqdim edəcək. Layihə dəstək qazansa, parlamentə göndəriləcək.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müzakirələrin nəticələrindən asılı olmayaraq Ermənistan bu cür təxribatçı əməli ilə beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələri, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq sənəd və qərarlarını növbəti dəfə kobud şəkildə pozmuş olur: “BMT Təhlükəsizlik Şurası öz qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu birmənalı olaraq təsdiq edib və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
Mütəmadi olaraq təxribatçı əməllər həyata keçirməklə, o cümlədən atəşkəs rejimini pozmaqla, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki ölkənin sərhədi boyunca Azərbaycanın şəhər və kəndlərini atəşə tutmaqla Ermənistan vəziyyətin dondurulması və danışıqlar prosesində hər hansı irəliləyişin əldə edilməsinin qarşısının alınmasına nail olmaq məqsədi güdür.
Öz silahlı təxribatlarına sarsıdıcı cavab alan, Azərbaycanın hərbi sahədə artan gücünə tab gətirmək və status-kvonun saxlanmasını davam etdirmək qabiliyyətində olmadığını dərk edən Ermənistan rəhbərliyi məsuliyyətsiz hərəkətlərinin nəticələri haqqında düşünmədən vəziyyətin siyasi partlayışına və münaqişənin sülh yolu ilə həllinin pozulmasının hazırlığına başlayıb. Ermənistan tərəfi başa düşür ki, münaqişənin həlli prosesində işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi qaçılmazdır.
Bu cür addımlarla Ermənistan rəhbərliyi həm də özünün təcavüzkar və işğalçı siyasətinin aşkar uğursuzluğuna haqq qazandırmağa və öz daxili siyasi ambisiyaları naminə erməni cəmiyyətinin hərbi və ekstremist mövqe tutan ayrı-ayrı dairələrinin tələblərini təmin etməyə çalışır. Əgər bu təxribat həyata keçirilərsə, bunun nəticələri ilə bağlı bütün məsuliyyət Ermənistan və onun rəhbərliyinin üzərinə düşəcək”.
Azərbaycanın Dağlıq Qarabağ vilayəti 1991-ci il sentyabrın 2-də özünü müstəqil dövlət elan edib. 1991-1994-cü illərdə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı 7 rayonu işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqları heç bir nəticə vermir.
Azərbaycanın Silahlı Qüvvələri bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.