Mayın 4-də “Şəffaflıq Azəbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planı” üzrə görülmüş tədbirlərin monitorinqi əsasında hazırlanan hesabatı müzakirəyə çıxarıb. Təşkilatın ekspertlər qrupunun koordinatoru Dünya Camalova milli fəaliyyət planının icra vəziyyətinin monitorinqinin nəticələri və tövsiyələr haqqında məlumat verib. Qeyd olunub ki, hökumətin üzərinə götürdüyü öhdəliklərin 9 istiqamət üzrə icra vəziyyətinin monitorinqi aparılıb:
– İnformasiya əldə edilməsinin asanlaşdırılması;
– Dövlət orqanlarının öz fəaliyyətləri barədə ictimaiyyətə müntəzəm məlumat verməsi;
– Normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi;
– Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi;
– Elektron xidmətlərin təkmilləşdirilməsi;
– Maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması;
– Vergi nəzarəti və yoxlamaları prosesində şəffaflığın artırılması;
– Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması;
– Açıq hökumət təşəbbüsü üzrə maarifləndirici materialların nəşri və əhali arasında paylanması.
Məlumat verilib ki, ombudsman, Mərkəzi Bank, Auditorlar Palatası və Hesablama Palatası da daxil olmaqla 42 mərkəzinə, 45 yerli icra orqanına informasiya sorğusu göndərilərək 2014-cü ildə milli fəaliyyət planının icrası sahəsində görülən işlərə dair hesabat istənilib. Mərkəzi qurumların 28-i, yerli icra hakimiyyətlərinin isə 10-u sorğuya məktubla cavab verib.
Hər bir öhdəlik qrupunun əsas və köməkçi fəaliyyət növlərinin icra səviyyəsi 0-3 bal şkalası əsasında qiymətləndirilib.
Dünya Camalova bildirib ki, monitorinq zamanı ən yüksək göstərici “vergi nəzarəti və yoxlamaları prosesində şəffaflığın artırılması” və “mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması”, ən aşağı göstərici isə “informasiya əldə edilməsinin asanlaşdırılması” istiqamətləri üzrə olub.
Monitorinq nəticəsində bunlar aşkar edilib:
– ümumi nəticələri mənfiyə doğru dəyişdirən amil – yerli icra hakimiyyəti orqanlarının fəaliyyətsizliyidir;
– dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxs ilə mətbuat katibinin vəzifə və səlahiyyət bölgüsünün sərhədləri məlum deyil;
– bəzi mərkəzi icra hakimiyyəti orqanları hər gün öz fəaliyyəti haqqında informasiyaları geniş təbəqələrə yaymaqda maraqlı görünür, digərlərinin fəaliyyətində problemlər müşahidə edilir;
– 2015-ci il fəaliyyət planının icrasında sonuncu il olsa da, Nazirlər Kabinetinin Milli Məclisə təqdim olunan hesabatında bu dəfə də onun icrasına dair sistemli məlumata yer ayrılmayıb;
– ölkənin qanunvericilik reyestrinin elektron variantı olan huquqiaktlar.gov.az internet səhifəsində yeniləmələr bəzən gec aparılır və elektron bazaya daxil olmaqda fasilələr yaranır;
– açıq hökumətin təşviqinə dair milli fəaliyyət planında nəzərdə tutulan öhdəliklərin icrası ilə bağlı məlumatların, hesabatların dövlət qurumlarının saytına yerləşdirilməməsi, bəzi dövlət qurumlarının rəsmi sorğulara cavab olaraq hesabatın təqdimatından imtina etməsi onun icrasının obyektiv qiymətləndirilməsini çətinləşdirir;
– ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsi və ictimai dinləmələrin keçirilməsinə az sayda dövlət qurumu əməl edir. Eyni zamanda qanun layihələrini ictimai müzakirəyə çıxaranlar qanunvericiliyin tələblərinə tam əməl etmirlər;
– mühüm qərarların qəbulunda ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi kimi internet səhifələrindən istifadə edilməsi ilə bağlı texniki işlər (müraciətlərin elektron şəkildə qəbulu, sual-cavab səhifələrinin yaradılması və sair) başa çatdırılsa da, faktiki olaraq prosesin interaktiv aparılmasını təsdiq edən faktlar yetərli deyil;
– dövlət maliyyə nəzarəti orqanlarının fəaliyyətini tənzimləyən vahid qanunvericilik bazası formalaşdırılmayıb;
– dövlət maliyyə nəzarətini həyata keçirən qurumların özlərinin fəaliyyətində açıqlığın və hesabatlılığın təmin olunmasına ciddi ehtiyac var;
– dövlət müəssisələrinin maliyyə hesabatlarının beynəlxalq standartlarına və ya milli mühasibat uçotu standartlarına uyğun olaraq tərtib edilmiş maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsinə nəzarət mexanizmləri təkmil deyil;
– Vergilər Nazirliyi və Dövlət Neft Fondu milli fəaliyyət planı üzrə öhdəsinə düşən fəaliyyətləri ən yaxşı icra edən qurumlardır;
– mərkəzi və yerli icra hakimiyyətlərinin büdcələrindən açıq hökumət təşəbbüsü üzrə maarifləndirici materialların nəşri, yayılması və fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutlarına maliyyə dəstəyinin verilməsini tənzimləyən müddəalar yoxdur.
Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri monitorinqin nəticələrinə münasibət bildirib, bəzi nöqsanları sadalayıb və təkliflər səsləndiriblər. Qeyd olunub ki, monitorinqin nəticələri əsasən kəmiyyət indikatorları əsasında hesablanıb, tədqiqatlar zamanı real vəziyyətin, problemlərin mahiyyətinə dərindən varılmayıb, keyfiyyət qiymətləndirilməyib. O cümlədən təklif edilib ki, hesabatlılıqda gecikən və ya onu lazımi qaydada təqdim etməyən dövlət orqanlarının məsuliyyətə cəlb edilməsi aktuallaşdırılmalıdır.
Tədbirdə bildirilib ki, milli fəaliyyət planı üzrə görülən tədbirlərin yaxşılaşdırılmasına dair tövsiyələrin yer aldığı yekun hesabata hazırkı müzakirənin nəticələri də daxil ediləcək.