Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası mayın 3-dən “Bank Standard”a müvəqqəti inzibatçı təyin edib. Direktorlar Şurasının sədri Rüfət Aslanlı mayın 3-də keçirdiyi mətbuat konfransında deyib ki, son dövrlər “Bank Standard”ın aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində bankın likvidlik və kapital mövqeyi zəifləyib, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranıb. Onun sözlərinə görə, “Bank Standard”dakı likvidlik probleminin həlli üçün dövlət öz dəstəyini verəcək.
APA bildirir ki, palatanın müraciəti əsasında Mərkəzi Bankın İdarə Heyəti müvafiq qərar qəbul edib və 6 ay ərzində banka 15 milyon manat həcmində dəstək verəcək. Bankda likvid aktivlərin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcminin, məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmənin qərarı ilə 1 ay müddətində fiziki və hüquqi şəxslərin əmanətləri üzrə ödənişlər dayandırılıb. Bu müddət ərzində dövlət dəstəyinin həcmi tam müəyyənləşdiriləcək.
İqtisadçı ekspertlər bu məsələyə münasibət bildiriblər.
Əkrəm Həsənov yazır ki, “Banklar haqqında” qanunun 57-ci maddəsinə əsasən, sağlamlaşdırma tədbirləri çökmüş və əslində bağlanmalı olan bank üçün həyata keçirilir: “Bank Standard” ona görə bağlanmır ki, sistem əhəmiyyətlidir və iridir, bağlanması, qanunun dili ilə desək, maliyyə sabitliyinin pozulmasına, ödəmələrdə sistem xarakterli böhrana, əmanətçilərin pul vəsaitlərinin kütləvi surətdə itirilməsinə və bank sisteminə etimada ciddi təhlükə yaradılmasına səbəb ola bilər. Buna görə də o, dövlət vəsaiti, yəni xalqın pulu hesabına xilas edilir.
Ağır fəsadların qarşısını almaq, maliyyə sistemini xilas etmək üçün belə addım atılır, amma bankın bu vəziyyətə düşməsinin günahkarları da cəzasız qalmamalıdır. Bankın sahibləri və rəhbərləri ən pis halda bankı talayıb, ən yaxşı halda isə bərbad şəkildə idarə edib, Mərkəzi Bank isə belə pis bankın iriləşməsinə şərait yaradıb. Bu əməllərə görə dövlət xərcə düşür. Necə olur ki, kiçik borcunu ödəyə bilməyən vətəndaşın başına oyun açılır, amma bankı çökdürənlərə qarşı heç bir tədbir görülmür?! Hökumət əhalinin borcları üzrə güzəşt üçün pul vermir, amma batmış bankı xilas etmək üçün vəsait ayırır”.
Ekspert xatırladır ki, “Banklar haqqında” qanunun 57.3-cü maddəsinə əsasən, bankın sağlamlaşdırılması haqda qərarı (tədbirlər planı ilə birgə) Nazirlər Kabineti təsdiq etməlidir: “Amma həmin qərar və tədbirlər planı yoxdur, dərc olunmayıb. Bütün məsələlər ilk növbədə hüquqi müstəvidə həll olunmalıdır. İqtisadi cəhətdən bankın sağlamlaşdırılması zəruri olsa da, öncə hüquqi çərçivəni gözləmək lazımdır. Hüquqi nəticələr isə şəffaf olmalı, bankı bu vəziyyətə qoyan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməli, başqalarına dərs verilməlidir. Çünki bu bank hələ ilkdir, ardı da olacaq”.
İqtisadçı ekspert Rövşən Ağayev də sağlamlaşdırma tədbirlərində öncə şəffaflığın təmin olunmasını vacib bilir: “Məsələ verilən borcun məbləğində yox, prosesin nə dərəcədə şəffaf getməsindədir. Sağlamlaşdırmaya ehtiyacı olan təkcə “Bank Standard” deyil. Ona görə hökumət parlamentdə və cəmiyyətdə müzakirə olunmaq şərti ilə bank sektorunun sağlamlaşdırılması üçün strategiyasını açıqlamalıdır. Sağlamlaşdırmanın prinsip və meyarları, dəstəyin həcm və formaları, gözlənilən risklər və onların önlənməsi yolları, gözlənilən nəticələr həmin sənəddə dəqiq əks etdirilməli və əsaslandırılmalıdır. Problemli kreditlər, kreditlərin yüksək konsentrasiyası (portfelin böyük hissəsinin az sayda borc götürənlərin əlində cəmlənməsi), banklarda səmərəsiz xərcləmələr hesabına izafi xərclər səhv menecmentin nəticəsidir. Yanlış menecmentə görə məsuliyyət və cəza olmayacaqmı?
Heç olmazsa indiki prosesdə cəmiyyət üçün bütün məqamlar açıq olmalıdır. Bank xilas olmaq üçün dövlətdən yardım almaq istəyirsə, rəsmi sahiblərini açıqlamağa borcludur. Problemli kreditlərin həcmi, risk menecmentindən yol verilən yanlışlıqlar hesabat formasında ictimaiyyətə tam açıq olmalıdır. Dövlətdən dəstək alan bankların yaxın 5 ildə kredit strategiyası, risk menecmentinə yanaşması, bank xidmətlərinin inkişafı istiqamətində atacağı addımlar açıq müzakirələrə təqdim edilməlidir. Əks təqdirdə bank sektorunu xilas etmək mümkün olmayacaq”.
Ekspert Samir Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının addımını düzgün sayır: “Ancaq narahatlıq doğuran məqam bundan sonrakı proseslərdir. Palatanın təklif etdiyi 15 milyon manat bankın problemi üçün kifayət etməyəcək. Bu vəsait yarım milyard manatdan çox depozit, ondan da çox kredit portfeli olan bank üçün müqayisəedilməz qədər azdır. Hökumətin gələcək planı ya aydın deyil, ya da yoxdur. Görünən odur ki, proseslər üçüncü dövlət bankının yaranmasına və ya Beynəlxalq Bankın daha da böyüməsinə doğru gedir. Fiziki və hüquqi şəxslərin əmanətləri üzrə ödənişlərə 1 aylıq moratorium götürüldükdən sonra (əgər uzadılmasa) dövlətin banka ayıracağı vəsait mütləq əmanətlərin ödənilməsinə gedəcək. Əmanətçilər, şirkətlər bankı tərk edəcək və nəticədə qurum getdikcə kiçiləcək. Hər bir halda hökumət lazımi vəsaiti ödəmək iqtidarında olmadığı üçün bankı tam xilas edə bilməyəcək”.