İqtisadçı ekspert Vüqar Bayramov bir daha devalvasiyalarla bağlı bank sektorunda yaşanan kredit probleminə toxunub.
Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Devalvasiyalardan sonra bank sektoru kreditlərlə bağlı ciddi böhran yaşayır.
Transparency.az-ın məlumatına görə, Vüqar Bayramov yazır ki, aidiyyəti qurumlar problemin həllində maraqlı görünmür, amma dövlətin dəstəyi olmadan kredit böhranından xilas olmaq mümkün deyil: “Mərkəzi Bankdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası da dollarla kredit götürənlərə bəd xəbər verdi: kompensasiya gözlənmir. Hazırda kreditlərin məbləğinin 19,7 milyard manat olduğunu və ümumi kredit portfelində xarici valyutaların payını nəzərə alsaq, söhbət ikinci devalvasiyadan sonra yaranan 3,5 milyard manatlıq fərqdən gedir. Mərkəzi Bank və palata bu fərqi banklarla vətəndaşların qarşılayacağını güman edir. Banklar heç bir güzəştə getmir. Müştərilərin isə heç də hamısının dollarla götürdüyü krediti devalvasiya şəraitində manatla qaytarmağa imkanı yoxdur.
Nəzərə almaq lazımdır ki, 2015-ci ilin əvvəlində 10 min dollar kredit götürən şəxsə bank 7800 manat vermişdisə, indi əsas məbləğ 15 min manat (faizlər hesablanmadan) edir. 10 min dollarlıq kredit üzrə təkcə elə əsas məbləğdə 7200 manat fərq var. Deməli, il yarım öncə 7800 manat kredit götürən şəxs faizlərlə birlikdə banka 20 min manatdan çox pul ödəməlidir. Aydın görünür ki, dövlətin dəstəyi olmadan bu kreditlərin qaytarılacağı inandırıcı deyil.
Qırğızıstan və Qazaxıstanda mərkəzi banklar bir sıra kredit kateqoriyası üzrə kompensasiya ödəyir. Azərbaycanın Mərkəzi Bankı bu təcrübədən yararlanmaq istəmir. Onda heç olmasa 2008-ci ildə qlobal maliyyə böhranı dövründə 1 trilyon dollar həcmində stimullaşdırıcı paket reallaşdırmış ABŞ nümunəsinə müraciət etsin. Orta aylıq əməkhaqqı 4000 dollar olan ABŞ-da kreditlərin qaytarılması üçün hökumət stimullaşdırıcı tədbirlər həyata keçirirsə, orta aylıq əməkhaqqı 330 dollar olan Azərbaycanda niyə kompensasiya verilməsin?”
Поделиться “Vüqar Bayramov: “Kompensasiya verilsin””