Mayın 1-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.
Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə baş çəkib. Müdafiə naziri Zakir Həsənov ali baş komandana təmas xəttindəki son vəziyyət barədə məlumat verib. AZƏRTAC-ın məlumatına görə, hərbi hissənin şəxsi heyəti ilə görüşən İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq deyib ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. Bu ilin əvvəlində də Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlətin aprelin ilk günlərindən yenidən atəşkəsi pozduğunu və ordumuzdan layiqli cavab aldığını deyən dövlət başçısı aprelin 5-də Azərbaycanın sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrinin atəşə tutulduğunu söyləyib.
Prezident qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərinin daha da möhkəmləndiyini deyən İlham Əliyev dövlətin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb.
İlham Əliyev təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib.
Həmin gün İlham Əliyev və xanımı aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusunun iriçaplı silahlar və artilleriya qurğularından açdığı atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar. Dövlət başçısına məlumat verilib ki, Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb. Sakinlərlə söhbət zamanı İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirib.
Sonra dövlət başçısı və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gediblər. Onlar artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində olublar. Düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb.
Sakinlərlə söhbət zamanı İlham Əliyev bildirib ki, ordu döyüş meydanında öz qüdrətini göstərdi, lakin ermənilər mülki əhaliyə atəş açırlar. Dövlət başçısı qeyd edib ki, bu kənddə də fəsadların aradan qaldırılması üçün bütün tədbirlər görüləcək.
Prezident İlham Əliyev və xanımı daha sonra Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində olublar. Sakinlərlə görüş zamanı Ermənistanın təxribatına Azərbaycan ordusunun layiqli cavab verdiyini deyən İlham Əliyev düşmənlə üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrinin sakinlərinin fədakarlığını, cəsarətini və torpağa bağlılığını xüsusi vurğulayıb və bunu əsl vətəndaşlıq nümunəsi kimi dəyərləndirib, dağılmış evlərin, sosial obyektlərin tezliklə bərpa olunacağını bildirib.
Həmin gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzinə də baş çəkiblər. Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini burada müalicə olunur. Dövlət başçısı və xanımı onların vəziyyəti ilə maraqlanıblar, tezliklə sağalmalarını arzulayıblar.