Bu ay prezident İlham Əliyev son Qarabağ döyüşlərində xüsusi fərqlənən bir qrup hərbçini təltif edib. Təltif edilənlər arasında Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülən də var. Mediada bu şəxsin polkovnik-leytenant Şükür Həmidov olduğu xəbər verilib.
Transparency.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycanın Milli Qəhrəmanı adını alan şəxslərlə bağlı sorğu ilə müraciət edib. Ancaq nazirlik Azərbaycanda neçə Milli Qəhrəmanın olduğunu (o cümlədən neçəsinin sağ olduğunu) bildirməyib. Neçə Milli Qəhrəmana və ya ailə üzvünə prezidentin aylıq təqaüdü ödənildiyi haqda da bilgi almaq mümkün olmayıb.
Transparency.az bildirir ki, Azərbaycanın Milli Qəhrəmanı adı 1992-ci il martın 25-də təsis edilib. Həmin il iyulun 15-də təsdiqlənən əsasnaməyə görə, Milli Qəhrəman ölkənin ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycanın müstəqilliyi, tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Milli Qəhrəmana səkkizguşəli “Qızıl Ulduz” medalı və fərman təqdim edilir. Eyni şəxs Milli Qəhrəman adını bir dəfə ala bilər.
1994-cü ildə Surət Hüseynov, 2001-ci ildə Rasim Əkbərov Azərbaycanın Milli Qəhrəmanı adından məhrum ediliblər.
14 iyul 2005-ci ildən Milli Qəhrəmanlara, onlardan şəhid olmuş şəxslərin ailə üzvlərinə prezidentin aylıq təqaüdü ödənir. Bu təqaüdün məbləği hazırda 1000 manatdır.
2016-cı ilin aprelində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanmış “Milli Qəhrəmanlarımız” kitabı təqdim olunub. Kitabda Azərbaycanın ərazi bütövlüyünün, konstitusiya quruluşunun müdafiəsi uğrunda xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülmüş 211 nəfər haqqında məlumatlar yer alır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ay yaydığı məlumatda 176 nəfər Milli Qəhrəmanın (həlak olanların ailə üzvlərinin) Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin olunduğu bildirilmişdi.
Keçmiş SSRİ məkanı ölkələrinə gəlincə, Gürcüstan və Ermənistanın hər birində 14 nəfərə Milli Qəhrəman adı verilib.
Rusiya Qəhrəmanı adına 1027 nəfər layiq görülüb.
Ukrayna Qəhrəmanı adını 418 nəfər daşıyır.