Belarusun 2300-dək yaşayış məntəqəsi Çernobıl Atom Elektrik Stansiyasındakı qəzada radioaktiv çirklənməyə məruz qalmış ərazidə yerləşir. Novator.az xəbər verir ki, Milli Statistika Komitəsi belə hesabat yayıb.
1986-cı il aprelin 26-da baş vermiş Çernobıl qəzası nəticəsində Belarusun 23%-i radioaktiv çirklənməyə məruz qalıb. Həmin ərazidə 3678 yaşayış məntəqəsi yerləşir. Qəzadan ən çox Brest, Qomel və Mogilyov vilayətləri əziyyət çəkib.
Statistik məlumatda qeyd olunur ki, radiasiya vəziyyətinin yaxşılaşması ilə əlaqədar çirklənmə zonasında yerləşən yaşayış məntəqələrinin sayı xeyli azalıb. 2016-cı ilin yanvarın 1-nə Belarus ərazisində 2371 yaşayış məntəqəsi (28 şəhər və şəhərtipli qəsəbə, 2343 kənd) radioaktiv zonada yerləşir.
Hesabata görə, 2016-cı ilin əvvəlində radioaktiv çirklənməyə məruz qalmış ərazidəki 2296 yaşayış məntəqəsində yaşayan sakinlərin sayı 1 milyon 141 min 800 nəfər olub. Bu, ölkə əhalisinin 12%-i deməkdir.