Hospitalda olarkən döyüşlər zamanı yaralanan zabit və əsgərlərimizlə görüşmək və həmsöhbət olmaq imkanı yarandı. Tanıdığım qəhrəman Azərbaycan oğullarını hər kəsin tanımasını istədim.
Leytenant Qadir Quliyev Naxçıvan Muxtar Respublikasında anadan olub. 2015-ci ildə hərbi təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində yerləşən “N” hərbi hissəsində xidmətə başlayıb.
Gənc zabitdən hansı şəraitdə yaralandığını soruşuruq. Leytenant hadisəni belə xatırladı:
– Lələtəpə yüksəkliyinin alınmasında iştirak edirdim. İrəli atılarkən hamımızın bir məqsədi vardı: strateji əhəmiyyətə malik yüksəkliyi düşməndən azad etmək, işğalda olan torpaqlarımıza ayaq basmaq. Düşmənlə döyüşə girdik. Yüksəkliyi onlardan azad etdik. Möhkəmləndikdən sonra plana uyğun olaraq bir qrupumuz geri qayıdırdıq. Düşmən minaatanlardan bizə atəş açmağa başladı. Mən və kiçik çavuş Rakif Vəlişov yaralandıq. Bizi dərhal hospitala gətirdilər. Sağalıram, arzumdur ki, tez bir zamanda xidmətə qayıdım və Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad edək.
Zabit həkim və tibb bacılarından da çox razılıq etdi. Dedi ki, tibb bacıları bir ana, bacı kimi qayğımıza qalırlar. Baş çavuş Səyyarə Baxışova, baş çavuş Sevda Yusifova, əsgər Xatirə Tağıyeva və başqaları bir an olsun belə öz diqqət və qayğılarını bizdən əsirgəmirlər.
Əsgər Murad Fətəliyev Bakı şəhərində anadan olub. Kooperasiya Universitetini bitirib. 10 aydır ki, hərbi xidmətdədir.
– Döyüş postumuza basqın oldu, – deyir əsgər. – Post başçımız gizir Babək Həmidov aprelin 2-si gedən döyüşlərdə yaralandığı üçün hospitala yerləşdirilmişdi. Bu səbəbdən post başçısını kapitan Elnur Əmirov əvəz edirdi. Təcrübəli zabit düşmən tərəfdən basqını vaxtında müəyyən etdi. Onun komandası ilə hər birimiz öz döyüş mövqeyimizi tutduq. Verilən əmr və tapşırıqları düzgün icra etdik. Düşmən geri çəkilməyə başladı. Şükürlər olsun ki, şəhid olan və məndən başqa yaralanan olmadı. Məni isə təcili hospitala gətirdilər. Tibb xidməti polkovnik-leytenantı Elçin Abdullayev əməliyyat edərək qəlpəni bədənimdən çıxardı. Tez bir zamanda sağalıb xidmətimi davam etdirmək istəyirəm.
Əsgərlər Toğrul Millətzadə və İslam Həmidov da döyüşlər zamanı yaralanıb, hospitala yerləşdiriliblər. Cəsur və qorxmaz Azərbaycan əsgərləri düşmənə layiqli zərbələr vuraraq öz xidməti borclarını ləyaqətlə yerinə yetiriblər.
Onların hər biri qəhrəman, qorxmaz, Vətən üçün döyüşməyə, torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan əsgəridir. Vuran əlini tətikdən, görən gözünü düşməndən, döyüşən ürəyini Azərbaycandan çəkmə, Azərbaycan əsgəri…
Yaralıların baxışlarından bir ifadə oxunur: “Biz də sağalacağıq, torpaqlarımızın da yaraları sağalacaq!..”
Baş leytenant
Ceyhun Cəfərli,
“Azərbaycan Ordusu” qəzeti, 20 aprel 2016-cı il