Hərbi forma hamımızda qürur doğurur. Gecəsini gündüzünə qataraq Vətənimizin keşiyində dayanan oğulların məğrur görkəminə ayrı bir ahəng qatır. Qızğın döyüşlərdə, qışın şaxtasında, yayın istisində müqəddəs hərbçi mundiri sanki onlara ilahi bir güc verib, sakitcə pıçıldayır: “Sən çox güclüsən, sən hər şeyə qadirsən, xalq sənə güvənir”.
Bəs bu formaları kimlər hansı hisslərlə, istəklə, sevgiylə tikib hazırlayırlar? Bu suala cavab tapmaq istəyi ilə Bakı Tikiş Evinə üz tutduq. Burada bizi baş mühəndis Ağa Əli Qasımov səmimi qarşıladı. Söhbətimizin əvvəlində müəssisə haqqında məlumat almağa maraqlı olduğumu göstərdim. Müsahibim bildirdi ki, 1937-ci ildən Volodarski adına tikiş fabriki kimi məşhur olan Bakı Tikiş Evində hazırlanan kişi və qadın kostyumları, gödəkcələr, xəzdərili kürklər bir vaxtlar Sovet İttifaqının müxtəlif şəhərlərində, bir sıra xarici ölkələrdə görkəminə, keyfiyyətinə görə ad çıxarmışdı. “Hazırda bu qurum respublikamızda hərbi əhəmiyyətli müəssisə kimi tanınır. Hələ İkinci Dünya müharibəsi dövründə müəssisəmiz arxa cəbhədə uğurlu fəaliyyətinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub. 1999-cu ildən isə “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyəti kimi tanınan müəssisədə çoxsaylı sexlər – bir neçə tikiş sexi, hazırlıq, sınaq, biçim, ütü və presləmə sahələri, laboratoriya, buxarxana və s. fəaliyyət göstərir. Müstəqil dövlətimizin ordusu üçün 1992-ci ildən hərbi formaların tikilməsi ilə məşğuluq”.
Söhbətini davam etdirən baş mühəndisə görə, hərbi geyimlərin NATO modelinə keçidi ilə bağlı ilk dəfə 1994-cü ildə Prezident Heydər Əliyev tərəfindən tapşırıq verilib. “Bütün kollektivin ümumi səyi nəticəsində reallaşdırılan işlər sonda müsbət nəticə verdi. Beləliklə də, keçmiş Sovet respublikaları arasında ilk dəfə bizim hərbçilər NATO modelinə keçdilər”.
Hazırda müəssisənin istehsal gücü müasir tələblərə cavab verəcək səviyyədədir. Bütün güc nazirliklərinin tələbatı burada ödənilir. Türkiyə, Rusiya, Çin və Belarus kimi xarici dövlətlərlə səmərəli işbirliyi qurulub. Dövlətimizin, şəxsən Prezident İlham Əliyevin və Müdafiə Nazirliyi rəhbərliyinin qayğısı bu istehsal müəssisəsində işin məhsuldarlığına öz təsirini göstərir. Nazirliyin Arxa Cəbhə İdarəsinin əməkdaşları davamlı olaraq fabrikdə olur, hazırlanan formaların keyfiyyətini, yay və qış, bütün alt və üst geyimlərinin yüksək səviyyədə hazırlanmasına nəzarət edir, lazımi tövsiyələrini, tapşırıqlarını verirlər. Bütün bunlar isə işlərin keyfiyyətli görülməsinə zəmin yaradır.
Daha sonra baş mühəndislə tikiş sexlərinə baş çəkirik. Burada işləyən insanların hərbi formaların hazırlanmasına olan diqqəti, nəvazişi nəzərimdən yayınmır.
“Həmişə qardaşımı xatırlayıram”
Tikiş axını ustası Mərifət Abdullayeva səkkiz ildir əsgərlərimizə hərbi forma hazırlamaq kimi müqəddəs bir işlə məşğuldur. Onunla söhbətdən öyrənirəm ki, əslən Biləsuvar rayonundan olan Mərifət xanımın qardaşı Qurbanəli Abdullayev müharibənin ilk illərində Vətənin müdafiəsində könüllü vuruşub, şəhid olub. Şəhid bacısı olmasından qürur duyan xanım deyir ki, Qurban döyüşlərə getməsini evdə heç kimə bildirməmişdi. “Bir aydan sonra hərbi formada evə gələrkən döyüşlərə yollanmasından xəbər tutduq. Hərbi forma qardaşıma çox yaraşırdı. Bəlkə də elə o zaman qəlbimin dərinliyindən keçirdiyim həmin sevgi, istək idi məni bura gətirən. İndi hazırladığım formaların üstündə əlim gəzəndə, mənə elə gəlir ki, qardaşım sağdır, mən bu formaları onun üçün hazırlayıram. Hər əsgəri doğma qardaşım bilirəm”.
Mərifət xanım kövrək duyğularıyla baş-başa qalanda hərdən şeir də yazdığını gizlətmədi. Bəlkə də çoxdandır özündə gəzdirdiyi bir vərəqi mənə verdi. Vərəqdən bu misraları oxuyuram:
Üçrəngli bayrağa
and içənlərin,
Zəfərə aparan
yol seçənlərin,
Məsləki qəlbində
Günəş tək yanır,
Düşmənin önündə
məğrur dayanır.
Ana torpağımın
fəxri, vüqarı,
Azərbaycanımın
mərd oğulları!
Zabit atasının düşüncələri
Fabrikdə bizimlə həmsöhbət olan keyfiyyət üzrə nəzarət şöbəsinin rəisi Əli Məmmədov zabit atasıdır. Oğlunun Vətənə, millətə, torpağa olan sevgisi Əli müəllimi daim qürurlandırır.
– Müstəqil dövlətimizin gələcəyi onun gəncliyindən asılıdır, – deyir müsahibim. – Talelərini hərbçi peşəsinə həsr etmək istəyən gənclərimizin sayı ilbəil artır. Məni sevindirən odur ki, gənclərimiz yaşadıqları torpaq, Vətən qarşısında öz borclarını dərindən dərk edirlər. Mənim oğlum kapitan Fərhad Məmmədov da ön cəbhədə xidmət edir. Oğlumla fəxr edirəm və onun ailəsində də balaca əsgərlər boy atır. İkinci oğul nəvəm bu günlərdə dünyaya göz açıb. Düşünürəm ki, onlar da böyüyəndə ataları kimi zabit ömrü yaşayacaqlar.
Hərbi geyimlər Vətənə sevgi ilə hazırlanır
İki qardaşı ordu sıralarında xidmət edən tikişçi Nüşabə Məmmədovanın əl işlərinə diqqət yetirəndə mənə elə gəldi ki, hərbi formaları xüsusi bir nəvazişlə biçib-tikir. Nüşabə xanım deyir ki, qardaşları Tahir və Mahir Məmmədovlar ön xətdə Vətənimizə layiqincə xidmət edirlər. “Hər zabit forması hazırlayanda qardaşlarımın nurlu çöhrəsi gözlərimin önündə canlanır. Bu da məni böyük bir həvəslə işləməyə ruhlandırır. Buna görə də tikdiyim zabit mundiri mənim üçün çox əzizdir”.
Fabrikin gənc əməkdaşlarından olan Fəridə Süleymanovanın da qardaşı əsgərdir. Onunla söhbət məni yaman duyğulandırdı. Əsgər bacısı baxışlarını uzaqlara dikərək, özümü sadəcə Elməddinin deyil, bütün əsgərlərin bacısı bilirəm, – deyir. – Aylardır ki, qardaşıma olan sevgimi, istəyimi tikdiyim formalara köçürürəm. Tam səmimiyyətimlə deyirəm, hərbi geyimləri Vətənə olan sevgimizlə hazırlayırıq. Əminəm ki, hərbçilərimizin qürurlu görünməsində bizim də payımız var.
Üç əsgər anası – 39 ilin işçisi
Baş mühəndis söhbətimizin bu yerində 1977-ci ildən tikişçi vəzifəsində işləyən Əfruz Əliyeva haqqında həvəslə danışdı. Dedi ki, üç oğul anasıdır. Əfruz xanımın övladlarının üçü də Vətən qarşısındakı müqəddəs vəzifələrini layiqincə başa vurub. Söhbət zamanı Əfruz xanım əsgər forması hazırlayarkən keçirdiyi hisslərin heç nə ilə müqayisə olunmadığını söylədi. Rəşadətli ordumuzun aprel zəfərindən qürurlandığını bildirən əmək veteranı ömrünün ahıl çağında da zəhmətə qatlaşmaqdan usanmır. “Düşünəndə ki, biz kimlər üçün geyim hazırlayırıq, onda yaşamağa sevgimiz, eşqimiz artır. Onlar ön cəbhənin, biz isə arxa cəbhənin əsgərləriyik. Mən öz işimdən çox razıyam və Vətənim, xalqım üçün üç oğul, üç əsgər böyütdüyüm üçün fəxr edirəm”.
Qələbə lap yaxındadır
Ziyafət Mikayılova iş başında – tikiş maşınının arxasında idi. Bircə anlığa əl saxlayıb müsahibə verməsini xahiş edirəm. Öyrənirəm ki, yeddi ildir burada tikişçi kimi çalışır. Qardaşının oğlu, müddətli həqiqi hərbi xidmətdə olan Mikayılı canından çox istəyir. Ön cəbhədə baş verən son hadisələr zamanı əsgər Mikayıl Mikayıllı da düşmənə layiqli cavab verən igid oğullarımızla çiyin-çiyinə vuruşarkən yaralanıb. Bu günlərdə hospitalda qəhrəman əsgərimizə baş çəkən Ziyafət xanımın əhvalı xoş idi. Həmsöhbətim deyir ki, bütün xalq illərdir ki, qələbə xəbərinin intizarını çəkirdi.
Xalqımız inanır ki, Silahlı Qüvvələrimizin hünəri ilə, inşallah, Qələbə xəbəri tezliklə bütün dünyaya yayılacaq.
Əgər danışa bilsəydilər…
Ürəyində torpaq itkisi, Vətən həsrəti daşıyan Sürəyya Əliyeva tikiş axını ustasıdır. Qubadlı rayonunun Xanlıq kəndində dünyaya göz açıb. Öz peşəsinin vurğunu olan Sürəyya xanım 22 ildir bu fabrikdə işləyir. “Hərbi formaya illər öncə qardaşım Vətənimiz uğrunda döyüşəndə, daha sonra öz övladım əsgəri xidmətdə olanda da hansı sevgi ilə yanaşırdımsa, indi də eyni hisslər mənimlədir. Ordumuzda xidmət edən, Vətəni, yurdu qoruyan hər kəs bizə doğmadır”, – deyir Sürəyya.
Sürəyya xanımın iş yoldaşı Vüsalə Səftərova isə 10 ilə yaxındır burada çalışır. Fabrikin qabaqcıl işçilərindəndir. Onun da hərbçi geyimlərinə olan münasibəti, ən başlıcası, peşəsinə olan sevgisi diqqətimdən yayınmır.
Baş usta Nigar Əlibəyovanın da doğmaları bu gün ordumuzun sıralarında xidmətdədir. Ömrünün düz 41 ilini istehsalatda keçirən xanımın söylədiyi “İnşallah, bizim tikdiyimiz hərbi formalar, tezliklə Qələbə xəbərini dünyaya car çəkən hərbçilərimizin boy-buxununu bəzəyəcək. Onda igidlərimiz bu formada daha əzmli, qalib görkəmdə olacaqlar” sözləri onu yaxından eşidən bütün işçilərin arzularını ifadə edirdi, – desəm yanılmaram.
Bakı Tikiş Evində olduğum qısa müddət ərzində buradakı insanların xoş münasibəti, səmimi söhbətləri məndə könül xoşluğu yaratdı. Bəli, əgər bu formalar danışa bilsəydi, bizə necə bir sevgiylə, istəklə, ümidlə hazırlandıqlarını bildirərdilər…
Leytenant
Günay Tağıyeva,
fotolar
çavuş
Namiq Pənahovundur
“Azərbaycan Ordusu” qəzeti, 20 aprel 2016-cı il