Yerevana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 22-də ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Lavrov Qarabağ cəbhəsində 1994-cü ildə imzalanmış, 1995-ci ildə qüvvətləndirilmiş atəşkəs rejiminin müddətsiz olduğunu vurğulayıb və buna əməl etməyə, gərginliyə yol verməməyə çağırıb.
Novator.az-ın məlumatına görə, Lavrov danışıqlardan sonra mediaya açıqlamasında Türkiyəni tənqid edib. Xarici işlər naziri deyib ki, Türkiyə rəhbərliyinin Dağlıq Qarabağla bağlı açıqlamaları sülhə yox, müharibəyə yönəlib və qəti şəkildə qəbul edilə bilməz: “Türkiyə rəhbərliyi münaqişəni hərbi yolla həll etməyə çağırır. Bu isə ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Rusiya, Fransa) və bütövlükdə dünya ictimaiyyətinin mövqeyi ilə daban-dabana ziddir”.
1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri Minsk qrupu çərçivəsində aparılan sülh danışıqları heç bir nəticə vermir.
Azərbaycanın Silahlı Qüvvələri aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. O, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib.