İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Bakı səfərində iki ölkə arasında 4 memorandum imzalanıb. Memorandumlar “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC, İranın “İran Khodro” və “Darou Pakhsh” şirkətləri arasında Azərbaycanda avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrasını nəzərdə tutur.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və “Darou Pakhsh” şirkəti arasında imzalanmış anlaşma memorandumuna əsasən, birgə yeni müəssisə yaradılacaq. Bu müəssisəni üç şirkət birgə maliyyələşdirəcək. Müəssisədə ağrıkəsici, antibiotik və vitamin təyinatlı 52 adda dərman preparatlarının istehsalı nəzərdə tutulur. Müəssisənin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılması planlaşdırılır.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə “Darou Pakhsh” şirkəti arasında imzalanmış anlaşma memorandumu əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilməsi ilə bağlıdır. Memoranduma uyğun olaraq tərəflər əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin həyata keçirilməsi üçün “Darou Pakhsh”, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq” MMC-nin təsisçiliyi ilə yaradılacaq yeni şirkətin Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçməsi üçün lazımi prosedurları həyata keçirəcəklər.
Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khodro” şirkəti arasında imzalanmış anlaşma memorandumuna əsasən, şirkətlər Azərbaycanda minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalını gerçəkləşdirəcək. İlkin olaraq layihə üzrə istehsal edilməsi məqsədəuyğun olan avtomobil modelləri müəyyənləşdiriləcək, sonra isə layihə üzrə biznes planı hazırlanacaq. Layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi nəzərdə tutulur. Zavodun 2 ilə tikilməsi planlaşdırılır.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azevrocar” MMC arasında avtomobil və müvafiq ehtiyat hissələrinin istehsalı layihəsi isə Neftçala Sənaye Məhəlləsində həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, aprelin 21-də baş tutan imzalanma mərasimindən öncə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iki ölkə arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıblar.
Şahin Mustafayev bildirib ki, prezident İlham Əliyevin 2014-cü ilin aprelində İrana səfərindən sonra iki ölkə arasında 60-a yaxın qarşılıqlı səfər həyata keçirilib, 30-dan çox sənəd imzalanıb. Qeyd olunub ki, Azərbaycan və İran arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanıb, hazırda Azərbaycanda 439 İran şirkəti fəaliyyət göstərir. Nazirin sözlərinə görə, təkcə 2016-cı ilin yanvar-mart aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 53 faiz artıb.