Azərbaycanın Silahlı Qüvvələri aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.
Müdafiə Nazirliyinin mətbuat xidməti əməliyyatlar zamanı Azərbaycanın 31 hərbçi itirdiyini açıqlayıb. Cəbhə xəttində aprelin 2-də 12, aprelin 3-də 3, aprelin 4-ü və 5-də 16 hərbi qulluqçunun şəhid olduğu bəyan edilib. Ondan sonra Müdafiə Nazirliyi şəhid olanların sayı barədə yeni məlumat vermir, adları açıqlamır.
Bəzi mənbələr, məsələn, Xəzər Hərbi Tədqiqatlar İnstitutu əməliyyatlar zamanı Azərbaycanın 95 hərbi qulluqçusunun (50 əsgər, 12 müddətdən artıq hərbi xidmət qulluqçusu, 11 gizir, 22 zabit) şəhid olduğunu iddia edir.
Aprelin 19-da prezidentin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, aprelin 2-dən 5-dək qoşunların təmas xəttində göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var”. Ancaq say və adlar açıqlanmayıb.
Ehtiyatda olan general-leytenant, Azərbaycanda korpus komandiri və nazirin məsləhətçilər şurasının üzvü olmuş Yaşar Aydəmirov Transparency.az-a deyib ki, Müdafiə Nazirliyindən açıqlanması umulan informasiyalar hərbi sirdir: “Döyüş bölgəsində müxtəlif silahlardan, artilleriya sistemindən istifadə edilib, əlbəttə ki, şəhidimiz, yaralımız olacaq. Hər bir şəhidimizin xatirəsi əzizdir. Azərbaycan şəhidi bir daha sübut etdi ki, xalq torpaq naminə hər zaman ölümə belə gedəcək. İtkilərimizin sayı isə böyük rəqəm deyil, qoşunumuzun çox xırda bölmələri ilə düşmənə həmlə edilib.
Prezidentin təltiflərinə gəlincə, hərbi sahədə açıq və gizli fərmanlar olur. Adlar açıqlanarsa, dislokasiya yerlərində bəzi komandirlərin kimliyi üzə çıxa bilər. Qarşı tərəf bu məlumatlarla tanklarını kimin, necə vurduğunu, həmin şəxslərin hansı istiqamətlərdə yerləşdiyini təyin edə, beləcə bir çox informasiyanın üstü açıla bilər”.
Politoloq Ərəstun Oruclunun fikrincə, informasiya çatışmazlığı cəmiyyətdə dövlət və hakimiyyət orqanlarına etimadı zəiflədir: “Döyüş getdiyi müddətdə itkilərin sayının açıqlanmaması tez-tez istifadə olunan taktikadır və əsasən iki məqsədlə edilir: cəmiyyətdə ruh düşkünlüyü yaratmamaq, düşmən tərəfə itkilərlə bağlı təbliğat imkanları verməmək. Lakin bu halda şayiələr yayılıb üstünlük qazanmağa başlayır. Belə hallarda dövlət strukturları, onların ictimaiyyətlə əlaqələr departamentləri və mətbuat xidmətləri cəmiyyətlə, media ilə müntəzəm əlaqədə olmalı, çevik informasiya siyasəti yürütməlidir. Azərbaycanda isə bunun tam əksini görürük və adı çəkilən strukturların fəaliyyətində peşəkarlığın zəruri səviyyədə olmaması cəmiyyətdə digər mənbələrə, hətta kifayət qədər şübhəli mənbələrə, onların yaydığı yanlış məlumat və şayiələrə meydan açır.
İnformasiya siyasətini bir və ya bir neçə qurum və nazirliklə yaxşılaşdırmaq mümkün deyil. Dövlətin və hakimiyyətin media, söz və ifadə azadlığına münasibəti əsaslı şəkildə dəyişməli, bu istiqamətdə bütün maneələr aradan qaldırılmalıdır. Əks halda müharibə şəraitində olan dövlət informasiya mübarizəsində həm daxili, həm də xarici müstəvidə geriləyə bilər”.
Hərbi ekspert Üzeyir Cəfərli hesab edir ki, cəbhədəki son döyüşlər və nəticələr hələ uzun müddət müzakirə mövzusu olacaq: “Çünki 1994-cü ilin atəşkəs sazişindən bəri belə ciddi toqquşma və hər iki tərəfdən canlı qüvvə və ağır texnika itkisi yaşanmamışdı. Müharibənin əsrlərlə təsdiq olunmuş bir qaydası var ki, adətən real itkilər haqqında məlumatlar çox gec açıqlanır. Buna normal yanaşmaq lazımdır. Müdafiə Nazirliyi əməliyyatlarla bağlı bütün məlumatları açıqlasa, zərərli nəticələr verə bilər. Niyəsini isə peşəkar hərbçilər yaxşı anlayır. Hər şey zamanı gələndə açıqlanacaq. Müharibə şəraitində olan ölkədə belə məsələlərə diqqətlə yanaşılmalıdır”.
Transparency.az-a danışan “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru, hərbi ekspert Cəsur Sümərinli deyib ki, Müdafiə Nazirliyinin cəbhə xəttində baş verən son əməliyyatlarla bağlı informasiya məxfiliyinin səbəbi aydın deyil: “Xüsusilə də şəhidlərin adlarının və onların ümumi sayının açıqlanmaması Müdafiə Nazirliyi üçün tamamilə yolverilməz hadisədir. Hesab edirəm ki, itki statistikasının gizlədilməsinin əsas səbəbi odur ki, Müdafiə Nazirliyi hərbi əməliyyatlar zamanı bu qədər itki olacağını gözləməyib, döyüşün aparılması ilə bağlı hesablamalarda maksimum 20-30 şəhid verilməsi gözlənib. Amma real itkilər az qala 3 dəfə artıq olduğu üçün qurum bu rəqəmi gizlətmək məcburiyyətində qalıb”.
Prezidentin hərbi qulluqçuları son təltifinə gəlincə, ekspert konkret adların ictimaiyyətə açıqlanmamasını da yanlış addım hesab edir: “Azərbaycanın müstəqillik tarixində heç zaman belə qəribə hal olmayıb. Xalq qəhrəmanlarını, igid oğullarını niyə sosial şəbəkələrlə tanımalı, Milli Qəhrəman və digər yüksək adlar verilən şəhidlərin kimliyi niyə gizli saxlanmalıdır?
Müdafiə Nazirliyinin saytında xüsusi bir bölüm, məsələn, “Şəhidlər – adlı statistika” yaradılmalı, orada istər birinci Azərbaycan-Ermənistan müharibəsi zamanı, istərsə də atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu yana şəhid olan minlərlə Azərbaycan hərbçisinin adları, barələrində qısa informasiya əksini tapmalıdır. Bu mütləq olmalıdır”.