Dövlət Statistika Komitəsi demoqrafik vəziyyətlə bağlı məlumat açıqlayıb. Transparency.az bildirir ki, hesabata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 17,9 min nəfər və ya 0,2 faiz artaraq 2016-cı il martın 1-nə 9 milyon 723,5 min nəfərə çatıb.
Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi qadınlardır.
Hazırda hər 1000 kişiyə 1007 qadın düşür.
İlin ilk iki ayı ərzində doğulanların sayı ölənlərin sayından 17,7 min nəfər çox olub. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri yanvar-fevral ayları ərzində ölkədə 27,6 min, yaxud hər gün orta hesabla 460 doğulmuş körpə qeydə alıb. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşağıdır.
2016-cı ilin yanvar-fevral aylarında ölkədə 9,9 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6,3 təşkil edib.
İlin ilk iki ayında qeydiyyat şöbələri 9 min nikah və 2,1 min boşanma halları qeydə alıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,3 olub.
Yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün 445 nəfər gələn və 238 nəfər ölkədən gedən qeydə alıb, miqrasiya saldosu müsbət 207 nəfər təşkil edib.