Mülayim yaz səhəridir, axşamdan başlanan narın yağış səngiyib. Həmkarım Rəşid müəllim göyün üzündəki topa buludlara baxıb: “Kaş yağış olmasın, yoxsa işğaldan azad edilən yüksəkliyə gedib çıxa bilmərik, arzum ürəyimdə qalar”, – deyir. Şairin ürəyini ələ almağa çalışıram: “Heç narahat olma, hər şey yaxşı olacaq”. Elə bu fikirlərimizi bölüşə-bölüşə qərargahın yerləşdiyi əraziyə çatırıq. Burada çoxdan tanıdığımız və şəxsiyyətinə dərin hörmətimiz olan vətənpərvər zabit Mais Bərxudarovla görüşən kimi qırışığımız açılır. Axı bilirdik ki, M.Bərxudarovu tapan kimi bütün qayğılarımız asanlıqla həllini tapacaq.
– Xoş gəlmisiz, – deyən zabit son günlərin döyüş qayğılarından, hər bir əsgər və zabitimizin yüksək əhval-ruhiyyədə olmasından, son nəfəsinədək döyüşmək əzmindən fəxrlə danışır.
Yüksək rütbəli zabit iş planımızla maraqlananda öncə Azərbaycanımızın üçrəngli bayrağının əzəmətlə dalğalandığı Lələtəpə zirvəsini ziyarət etmək fikrimizi, sonra isə son döyüşlərdə şəxsi fədakarlıq nümunələri göstərmiş hərbi qulluqçularımız haqqında qəzetimizin növbəti nömrəsinə yazılar hazırlayacağımızı bildiririk. Tez bir vaxtda yola düşürük, yol yoldaşımız isə şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdehlik daşıyan məsul zabitlərdən biri Seymur Həbibullahovdur. Əlbəttə, bizə yaxın olan bir sahənin adamı ilə yola çıxmaq ürəyimizdəndir. Yolda onu doyunca sorğu-suala tuturuq, o da döyüşlərin ən maraqlı anlarından epizodlar danışır. Yolumuzun solunda illərdən bəri insan əlinin tumarına möhtac qalan üzümlükləri seyr edirik. Zabit deyir ki, artıq buradan başlanan ərazilər Cəbrayıl rayonunun düşmən tapdağından yenicə azad edilmiş torpaqlarıdır.
Bir anlığa xəyalım məni 23 il əvvələ, 1993-cü ilin bir bahar gününə aparır. Onda qəzetimizdə mülki əməkdaş kimi yenicə fəaliyyətə başlamışdım. Bir gün baş redaktor məni yanına çağırıb, “hazırlaş, axşam qatarla Cəbrayıla ezamiyyətə gedəcəksən”, – dedi. Redaksiyada sənədlərimi hazırlayıb bilet almaq üçün vağzala getdim. Qədim Qarabağımıza bir jurnalist kimi ilk səfərim idi, amma nə yazıq ki, qanlı-qadalı müharibə idi. Onda Cəbrayılın kəndləri erməni faşistlərinin aramsız hücumları ilə baş-başa qalmışdı. Kənd rayonunun təbii gözəllikləri, könül ovlayan mənzərələri adamı heyran edirdi. Kəndləri seyr edə-edə rayon mərkəzinə yaxın yerdə qərar tutan hərbi hissənin qərargahına gəlib yetişəndə, növbətçidən və iki-üç əsgərdən savayı gözümə heç kim dəymədi. Hamı ön xətdə idi, məni də bir UAZ-la komandirin döyüşdüyü Sur kəndi ətrafındakı mövqeyə apardılar. Yerli əhali də döyüşçülərimizə köməyini əsirgəmirdi, amma nizami, döyüşkən ordunun olmaması artıq öz sözünü demişdi. Düşmən günbəgün cəbhə xəttini daraldırdı, bir-birinin ardınca kəndlərimiz işğal olunurdu.
Həmin ilk cəbhə ezamiyyətimdən düz 23 il ötür. Yenə Cəbrayıl rayonu ərazisindəyəm, amma əvvəlki dövrlə müqayisədə ovqatım çox yaxşıdır. Qüdrətli ordumuz formalaşıb, artıq biz düşməndən qat-qat üstünük. Müasir dünya orduları səviyyəsində qurulan, yeni silah və hərbi texnikalarla təmin olunan Azərbaycan Silahlı Qüvvələri hər addımda düşmənə qətiyyət göstərmək əzmindədir. Elə aprelin 1-dən 2-nə keçən gecə qəsbkarların yeni təxribatına cavab verən döyüşçülərimizin nail olduqları böyük uğurlar da dediyimizə əyani misaldır. Bələdçimiz qarşıdakı yüksəkliyi göstərib deyir:
– Məşhur Lələtəpəyə çatırıq. Baxın, bayrağımız zirvədə necə dalğalanır!
– Bircə tez çataydıq, o bayrağı bağrıma basacam, – deyə həmkarım sanki xəyallarından qəfil ayrılır.
Budur, maşından düşüb piyada zirvəyə qalxırıq. Zabit bizə ehtiyatlı olmağı, yalnız cığırla hərəkət etməyi məsləhət görür. Əlbəttə, bu narahatlıq səbəbsiz deyil, axı düşmən geri çəkilərkən öz rəqibini itkilərə məruz qoymaq üçün ərazini minalayır.
– Bayrağım – qürurum, şərəfim mənim, – deyib bir dünya sevinclə zirvədəki üçrəngli dövlət bayrağımıza doyunca tamaşa edirəm. Şair özündə toxtaqlıq tapmır, gözləri yaşdan boğulur. Bu öz xalqına, millətinə, müstəqil dövlətçiliyinə hədsiz sevgisi olan bir ziyalının həyəcanıdır. Bayraq müqəddəsdir, çünki dövlətin, millətin azadlıq rəmzidir. Hər dəfə hərbi hissələrimizdə andiçmə tədbirlərində əsgərlərin diz çöküb bayrağımıza and içməsini seyr edəndə qürurlanmışam ki, mən də bu azad millətin övladıyam.
Qürurlu döyüşçülərimiz, bu bayrağın zirvədə dalğalanması ilə nəticələnən qələbəmizin səbəbkarı olan oğullar bizi əhatəyə alırlar. Hər üzdə fərəh, sevinc duyuram. Elə bil hər kəs dillənib demək istəyir ki, qələbəmizdə onun da payı var. Yaşa, var ol, Azərbaycan Ordusu! Gör nə qədər mətin, mübariz oğulları özündə birləşdiribsən. Düşmənə meydan oxuyan, hərbi gücünü dünyaya sübut edən ordumuzla hər bir vətəndaşımız, böyüklü-kiçikli, qocalı-cavanlı, bütün Azərbaycan fəxr edir. Hər kəs inanır ki, qısa vaxtda möhtəşəm uğurlara imza atan doğma ordumuz yağı tapdağında olan torpaqlarımızı son qarışına kimi azad etməyə, illərdir doğma ev-eşiklərinə, əzizlərinin uyduğu yerlərə dönmək arzusu ilə yaşayan soydaşlarımızın həsrətinə son qoymağa qadirdir. Yanımızda dövrə vuran hər əsgərimizi, hər zabitimizi bağrıma basıb təbrik etmək istəyi keçir könlümdən.
Ad gününü döyüşdə keçirən baş leytenant
Bu arada bir gənc zabitlə – Ağsu rayonundan olan baş leytenant Elşad Hasilovla həmsöhbət oluram. Çünki onun döyüşçü yoldaşlarından biri demişdi ki, aprelin 1-də Elşadın ad günü imiş. Öyrənirəm ki, 2005-ci ildə ali hərbi təhsilini bitirəndən sonra bir müddət Naxçıvanda, ön xətdəki hərbi bölmələrin birində xidmət edib. Hazırda yenə də cəbhə xəttində mühəndis-istehkam bölməsinin məsul zabitlərindən biridir.
– Elşad, ad gününü döyüşdə qarşılamağın hisslərini bölüşmək istərdinmi?
– Ayrı bir hissdir. Bəzən elə duyğular var ki, onları dilə gətirmək, sözlə ifadə etmək çətindir, – deyir baş leytenant. – Birincisi, mən də öz növbəmdə qələbəmiz münasibətilə sizi təbrik etmək istəyirəm. Belə qələbələrimizin sayı çox olacaq, xalqımızı yeni-yeni uğurlarımızla sevindirməyə tam qadirik. Bilirsiz ki, bizim bölməyə müharibədə bəlkə də ən məsuliyyətli döyüş tapşırığını icra etmək həvalə olunur. Düşmən ərazilərində irəliləmək üçün mövqelərin minalardan təmizlənməsi olduqca əhəmiyyətlidir. Belə olmasa, digər hərbi bölmələr irəliləyə bilməz. Gecənin bir aləmində dağlıq sahələrin mina təhlükəsindən zərərsizləşdirilməsi vəzifəsi bizim üzərimizə düşmüşdü. Hərbi əməliyyatdan öncə komandirimiz məni çağırıb dedi ki, Elşad, bilirəm sənin ad günündür, buna görə də səni bu gün döyüş tapşırığından azad edirəm. Mən isə komandirimizin düz gözlərinin içinə baxıb dedim: “Olmaz, komandir, mən də sizinləyəm”.
Müsahibim deyir ki, Elşən Qarayev ordumuzun ən dəyərli zabitlərindən, vətənpərvər komandirlərimizdən biridir. “Kollektivdə hamı onun xətrini çox istəyir. Nə qədər tələbkardırsa, bir o qədər də qayğıkeşdir, heç kəsin problemini diqqətdən kənar saxlamaz. Birdən yaxınlıqda mina partlayışı eşitdik. Bir neçə yoldaşımız yaralandı, cəsur komandirimiz də onlardan biri idi. Komandirə kömək edib onu həkimlərə çatdıranda yenə dedi ki, ay Elşad, axı niyə gəlmisən, indi sən ailənlə ad gününü qeyd etməliydin. Sözün açığı, həyatının ən ağır məqamında onun dilindən eşitdiyim bu sözlər məni yamanca kövrəltdi. Yaralarından qan sıçrayan komandirimin sözləri indi də qulaqlarımdadır: “Elşad, eybi yox, sonra qələbəmizlə birgə qeyd edərik”. İndi o, hərbi hospitalda müalicə olunur, sağ olsun həkimlərimiz, onu xilas edə bildilər”.
– Yəqin tez-tez zəngləşirsən?
– Əlbəttə. Elə bir dəyərli komandiri, sadiq döyüşçü dostu unutmaq olarmı?! Allah ona şəfa versin. Biz daim onu xatırlayacağıq. Nə vaxt Bakıya gedəsi olsam, birinci ona baş çəkəcəm.
Tankçılar öndə vuruşublar
Aprel döyüşünün ön cərgəsində vuruşanlar sırasında tankçılarımız da olublar. İllərlə təlimlərdə qazandıqları təcrübə onların köməyinə gəlib. “Dəmir at”ların sahibləri düşmən üzərinə şığıyaraq onlara göz açmağa imkan verməyiblər. Döyüşləri idarə edən zabitlər də söhbətlərində qeyd edirlər ki, tanklarımızın gurultusu işğalçıları vahiməyə salmışdı.
– Ermənilər tanklarımızın irəliləməsini görcək səngərlərini atıb qaçmağa başladılar, – deyə vaxtilə əlahiddə tank taborunda xidmət keçmiş, indi isə cəbhə xəttindəki motoatıcı hərbi hissənin cavabdeh zabitlərindən olan Vilayət Quliyev bizimlə söhbətində bildirdi. – Yeri gəlmişkən, gizir Azad Mərdəliyevin komandiri olduğu tank heyətini nümunə göstərmək istərdim. Yaxşı olar ki, aşağı yamacda gördüyünüz tankın yanına gedib onun heyətindən qeydlər götürəsiz.
Zabitin göstərdiyi istiqamətdə üzərində üçrəngli bayrağımız dalğalanan tankın yanına gedirəm. Ağır döyüşdən çıxmış heyət üzvləri öz tanklarına texniki qulluq göstərirdilər.
– Gizir Paşa Mehdiyev, – deyə özünü təqdim edən qarayanız hərbçimizlə görüşürəm. Üz-gözündən cəsurluq hiss edilən gizirlə tanışlıqdan sonra məlum döyüşlərə atıldığı günlərlə bağlı xatirələrini bölüşməyi xahiş edirəm.
– Bizə komanda gəldi ki, düşmən mövqelərimizə soxulmaq üçün aramsız artilleriya atəşi ilə hücuma keçib, – deyir gizir. – Tez maşınlara əyləşib savaş xəttinə irəlilədik. Düşmənə sağ cinahdan zərbə vurmaq üçün tapşırıq almışdıq. Təlimlərdə qazandığım nəzəri və praktik biliklərə əsasən yaxşı bilirdim ki, düşməni darmadağın etmək üçün qəflətən hücuma keçib qarşı tərəfin döyüşçülərini vahiməyə salmaq lazımdır. Belə də etdik. Vaxt itirmədən mövqeyimizi dəyişirdik ki, ermənilər bizi vurmağa imkan tapmasınlar. Bir dəfə sərrast atəşimizlə düşmənin bir UAZ-nı, sonra isə onların bir neçə tankını və digər texnikalarını vurub sıradan çıxartdıq.
Paşa tank heyətində tuşlayıcı olduğunu qeyd edərək hazırda hospitalda müalicə olunan yaralı komandirləri gizir Azad Mərdəliyevin şücaətindən ağızdolusu söz açdı və qeyd etdi ki, özü burada olmasa da, birinci onun adını qeyd etsəniz, yaxşı olardı. “Təcrübəli çavuş Müşviq Kamranov da bizim heyətin üzvüdür”, – deyə yanındakı döyüşçü yoldaşının da adını qeyd etməyimi bildirdi.
Vətən igid oğullarının hesabına qorunur. Aprel döyüşlərində zəfər qazanmış qəhrəman əsgər və zabitlərimiz öz rəşadətləri ilə sübut etdilər ki, cəbhə bölgəsi, doğrudan da, igidlərin ünvanıdır, burada yalnız Vətəninə, xalqına qəlbən bağlı olan oğullar xidmət edirlər.
Polkovnik-leytenant
Arif Pənahov,
“Azərbaycan Ordusu” qəzeti, 16 aprel 2016-cı il