Düşmənin təxribatlarına cavab olaraq Silahlı Qüvvələrimizin keçirdiyi uğurlu əməliyyatlar zamanı şəhidlərimiz də oldu, yaralılarımız da. Yaralılarımızın qısa vaxtda öz sağlamlığına qovuşmasında ordumuzun tibb xidməti nümayəndələrinin fədakarlığı danılmazdır.
Cəbhə bölgəsindəki hərbi hospitallardan birinin xidmət qayğıları ilə tanış olmaq üçün ezamiyyətə yola düşürəm. Dan yeri təzə sökülürdü, lakin mənzil başına çatanda ağ xalatlılar xidmət yerindəydilər.
İlk olaraq tibb xidməti zabiti Elçin Abdullayevlə həmsöhbət oluruq. Azərbaycan Tİbb Universitetinin müalicə-profilaktika fakültəsini bitirən zabitin sözlərinə görə, orduda ilyarımlıq xidmət müddəti başa çatandan sonra həyatını birmənalı olaraq orduya həsr etməyi qərara alıb. Bu bağlılığın əsas səbəbi isə qardaşı Namiq Abdullayevin nakam taleyi olub. Namiq 1992-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə tibb xidməti zabiti kimi iştirak edib və yaralıları çıxararkən şəhid olub.
Söhbətimiz zamanı Elçin Abdullayev son günlər baş verən döyüşlər zamanı yaralılarımıza göstərilən tibbi yardımdan danışaraq dedi:
– Xüsusilə qeyd etmək istəyirəm ki, bölgəmizdə hərbi əməliyyatlar başlayan gündən hospitala daxil olan heç bir yaralının vəziyyəti ağırlaşmayıb, insan itkilərimiz olmayıb. Yaralılara dərhal qəbul şöbəsində ixtisaslı tibbi yardım göstərilirdi. Arsenalımızda olan tibbi maşınlar döyüş meydanından yaralıları hospitala vaxtında çatdırmaq üçün səfərbər edilmişdi. Hospitalın həkim və feldşerləri də döyüş meydanında güllə yağışının altından yaralıları çıxararaq hospitala çatdırır və operativ şəkildə tibbi müdaxilələr həyata keçirilirdi.
Təcrübəli tibb zabitinə görə, təchizat baxımından hospital müasir preparatlar və texniki avadanlıqlarla tam şəkildə təchiz edilib. Buna görə də hospitalda istənilən formada kəllə-beyin, qarın, döş yaralanmaları və damar cərrahiyyələrini həyata keçirmək mümkündür. Hətta yuxu arteriyasının zədələnməsi ilə daxil olan yaralı əsgərlərin həyatı xilas edilib. Hazırda onlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına köçürülüb və orada müalicələri davam etdirilir.
– Hərbi əməliyyatlar dövründə şəxsi heyətimiz gecə-gündüz dayanmadan öz xidməti vəzifəsini məsuliyyətlə yerinə yetirib, – deyə Elçin həkim söhbətinə davam edir. – Çünki məqsədimiz bir idi: torpaqlarımız işğaldan azad olunsun. Şükürlər olsun ki, elə ilk həmlədən uğurlar qazanmışdıq. Sevinirdik. Yaralıların həyata qaytarılmasında bu sevinc hissinin də böyük rolu vardı.
Hospitalın cərrahiyyə, anesteziologiya və intensiv terapiya bölmələrinin, eləcə də Silahlı Qüvvələrin Baş Klinik Hospitalından ezam olunan tibb işçiləri ilə tanış olmaq imkanı qazanıram.
Mayor Elşən Hacıyev də Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirib. İxtisasca anestezioloq-reanimatoloqdur.
– Müharibədə şəhid də var, yaralı da. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Biz həkimlərin borcu isə yaralıların sağlamlıqlarına qovuşmasında əlimizdən gələni etməkdir. Hər birimiz öz vəzifəmizin məsuliyyətini dərk edir, xidmətimizi ciddi və nöqsansız aparırıq. Bizimlə çiyin-çiyinə gecə-gündüz bilmədən, yoruldum demədən xidmət aparan tibb bacıları baş çavuşlar Arzu Məmmədova, Məlahət Rzayeva, çavuşlar Ətrabə Quliyeva, Yeganə Yusifova və əsgər Rəhilə Rüstəmovanın xidmətlərini xüsusilə vurğulamaq lazımdır. Onlar hər bir yaralımıza ana, bacı kimi xidmət edib, tez sağalmaları üçün əllərindən gələni ediblər, – deyə mayor Elşən Hacıyev söhbətimizdə bildirir.
Nizamlı şəkildə təşkil olunan xidmət, təcrübəli həkimlər və ürəyi Vətən eşqiylə yanan şəxsi heyət. Bütün bunların səbəbidir ki, hospitala daxil olan bütün yaralılar artıq öz sağlamlıqlarına qovuşublar və az bir vaxtdan sonra öz xidməti yerlərinə qayıdacaqlar. Bir sözlə, hospitalın şəxsi heyəti ən ağır yaralıya belə vaxtında məlhəm olmağı bacarıb.
Baş leytenant
Ceyhun Cəfərli,
“Azərbaycan Ordusu” qəzeti, 16 aprel 2016-cı il