Bu da həsrətində olduğumuz yüksəkliklərdən biri! Ötən il Cocuq Mərcanlıdan qədərsiz həsrətlə baxdığımız Lələ-İlahi adıyla tanınan təpə. Zamanında camaatın inanc yerlərindən olan məkan; Lələ-İlahinin duruşu göz doydurur. Könlümdən keçənlər əllərimdən yapışıb məni təpəliyə tərəf çəkir. Xeyli aralıdan gördüyüm bayrağımıza yaxınlaşdıqca gözlərimin nuru artır elə bil; göy üzünün yaraşığıdı üçrəngli bayrağımız. Aprel ayının 1-dən 2-nə keçən gecə qınından sıyrılan qılınc misallı bir gəlişə qucaq açıb Lələ-İlahi. Yan-yörəsinə düşən mərmilərdən qırpınmayıb, sinəsinə düşən mərmilərin hardan atıldığını, kimlərin atdığını bildiyindən bir boy da dikəlib. Gələnlərin qətiyyətini hiss eləyib. Dili olsa həmin anlarda dil açardı, “Gəlin…”, – deyərdi. “Bu gəlişi 24 ildi gözləyirəm… Gəlin…”
Zirvəyə beş-altı addım qalıb…
Bu beş-altı addımlıq yol nə qədər uzunmuş, Lələ-İlahi, nə qədər uzunmuş!
Bu beş-altı addımlıq yol 23 il qədər uzun görünür mənə!
…Bu da zirvə!
Bu da aprelin 2-si dan yeri sökülər-sökülməz Azərbaycan əsgərinin qətiyyətini, cəsarətini, Vətən sevgisini bağrına basan qürurum zirvə! Bu anlarda mənim üçün dünyanın ən uca zirvəsidi Lələtəpə! Neçə gündü Azərbaycan əsgərinin cəsarət, qəhrəmanlıq rəmzidi!..
Bu on iki gündə gündüzlər xəyallarımda, gecələr yuxularımda şahlıq eləyən həsrətimin ünvanlarından birinin ziyarətindəyəm!..
Var səsimlə üzü qarşı tərəfə qışqırmaq istəyirəm: bu bayrağın işığı gözlərini qamaşdırmalıdı, mərə yağı! Qarşıda səngər qazmağa da həvəslənmə. Döyüşsüz çəkilib getməsən, o səngərlər səngərləri qazanların qanına bələnəcək. Bu bayraq eşqinə, torpaq eşqinə, Vətən naminə döyüşəcək əsgərlərimiz. Sizi yarandığınız günə peşman eləyəcək! Çəkil, get. Nə qədər ki, can itirməmisən, get. O gecə “Qaçaq!” – harayına qarışıb qaçanlar canını qurtardığı kimi sən də canını qurtar. Bu həndəvərlərdən uzaqlaş! Uzaqlaş!..
Göy üzünə yayılan bayrağımızın önündə diz çökürəm. Özümü o ucalıqda hiss eləyirəm; bayrağımız dalğalanır, ürəyim tellənir. Akif Nihat Asya bayrağa müraciətlə “…hara istəsən, söylə, səni oraya sancım!”, – deyirdi. Bu da bayrağımızın seçdiyi yerlərdən biri! Azərbaycan əsgəri bayrağımızın istəyini yerinə yetirdi. Leytenant Zülfü Rzayev, kiçik çavuş Elgün Bədəlov, Rövşən Rəhimov, Üzeyir Nəcəfov, İsmayıl Nəsirov, Teymur Əliyev, Nemət Haqverdiyev sancdı bayrağımızı Lələ-İlahinin zirvəsinə! O anlarda nələr düşünüblər görəsən? – duyumum deyir ki, Əsgəranı, Şuşanı xatırlayıblar. Bu bayrağı Cıdır düzündə dalğalandırmaq keçib könüllərindən. İsrafilin bayrağımızı zirvəyə sancan əllərindən öpmək istədim, qoymadı…
Aprelin 1-dən 2-nə keçən gecə addım-addım yaxınlaşıblar bura. Səssiz-səmirsiz. Ehtiyatla. Bir-birinin izinə iz qoymaqla…
Düşmənin mövqeyinin yerini təxmini bilirdilər. Həmin mövqenin “beş-altı addımlığında” ayaq saxlayıblar. Nəfəs dəriblər. Komandirin tapşırığıyla mövqe tutublar. Bir azdan mövqe qələbəsi üçün döyüşəcəkdilər.
Atışıblar (az sonra məlum olacaqdı ki, bura Lələ-İlahi istiqamətində düşmənin başlıca dayaq məntəqələrindən biri olub)…
Düşmənlərdən biri qaçmaq istəyib. Çavuş İsrafil Əhmədov ona uzaqlaşmağa imkan verməyib; torpağa sərili qalıb düşmən.
…Hiss eləyiblər ki, snayperlərin atışı altındadırlar. Bir qədər daldalanaraq müşahidə aparıblar. Atəşin mənbəyini müəyyənləşdirmək çətin olmayıb. İsrafil Əhmədovun atdığı qumbaraatan mərmisi snayper qarışıq mövqeni didik-didik eləyib…
Aprelin 1-dən 2-nə keçən gecə vurulan tankdan çıxıb başqa tankla döyüşə qoşulan Hacı Əhmədovun, tuşlayıcı Yalçın Abbasovun, sürücü-mexanik Rövşən Manafovun… cəsarətinin cazibəsindəyəm…
Gecənin gecə vaxtı təpəlikləri aşa-aşa bu səmtə irəliləyən, cəsarətlə döyüşənlərin könül sirdaşı olmaq keçir könlümdən; o gecəni bu igidlərin təəssüratıyla yaşamaq istəyirəm. Hamısı “Döyüşdük, qələbə qazandıq…” deyir. “Belə döyüşdüm…” demir. Çoxusu mayor Əliyevi xatırlayır.
Muxtar Əsədov nəsə demək istəyir, deyə bilmir. Zamanında o da döyüşçü olub. Kəlbəcər, Ağdərə döyüşlərində iştirak eləyib. Gözləri dolub-boşalır. İkimizin də tanıdığımız döyüşçüləri xatırlayırıq. “Aprel döyüşləri təsdiqlədi ki, ordumuz torpaqlarımızı işğaldan azad eləməyə qadirdir. Bunların hər birini qardaş əvəzi bağrıma basdım. Ayın 2-dən burdayam. Onlardan ayrıla bilmirəm. Sıralarında olmasaq da hər gün nəfəs-nəfəsəyik…” – Muxtarın səsində dönməz qətiyyət var. Bu qətiyyətin eynini bir az əvvəl tank komandiri Vasif Məmmədovun, gizir Bəşir Yolçuyevin, polkovnik-leytenant Elşən Qarayevin, mayor Ceyhun Bağırovun (o, döyüşə başqa hərbi hissədən ürəyinin hökmüylə könüllü gəlib)… səsində görmüşdüm. “Ruhun yaşı olmur. Ruh həmişə eyni yaşdadı. Ruhun yaşını Vətən sevgisi müəyyənləşdirir…” – düşüncələrimdə ilahi bir işıq hiss eləyirəm və bu işıqdan işğal olunmuş bütün kəndlərimizdə dalğalanacaq bayraqlarımızı görürəm. Muxtar “O günə az qalıb” deyir. Sözümü kim eşitsə, belə deyərdi. Lələtəpə bu istəyin başlanğıcı olacaq…
Bir nəfərin davamlı baxışlarını üzərimdə hiss eləyirəm…
Torpağın yaşıllığından, göyün göylüyündən umduqlarımı gözlərimə köçürürəm.
…Lələ-İlahidən qarşı yaxaya barmaq qıcadım. Azərbaycan əsgərinin adından!..
Cocuq Mərcanlıya baxıram. Neçə aylar əvvəl orda döyüş növbəsi çəkən əsgərdən eşitdiklərim düşür yadıma: “Lələtəpəni də gözdən qoymuruq. Düşmən buranı da nəzarətdə saxlayır. Oranı alsaq…” O əsgəri görə bilsəydim bağrıma basardım: “Bu günü arzulayırdın, əsgər bala, Lələ-İlahi sənindi. İndi sən düşməni nəzarətdə saxlayırsan. Tərpənsə, tərpənməyə cəhd eləsə, sənin cəsarətin, qətiyyətin onun canını alacaq. Yaxınlarda sənin səngərin tarixi sərhədlərimiz olacaq!..” – deyərdim…
…Lələ-İlahidən enmək istəmirəm… Qədərsiz sevginin – Vətən sevgisidi bu sevgi – cazibəsindən qopa bilmirəm. Aşağılarda gördüklərimə zirvədən baxıram. Bu zirvə qələbə zirvəsidi!
…Lələ-İlahinin zirvəsindən sağa tərəf uzanan yol çəkir diqqətimi. Səbirsizliklə “Bu yol hara aparır?” – soruşuram. Əsgərlərdən biri tələsik dillənir:
– Böyük qələbəyə aparır! – deyir.
Əsgəri bağrıma basıram…
Rəşid Faxralı
“Ədalət” qəzeti, 16 aprel 2016-cı il