Aprelin 14-ü İstanbulda Türkiyənin baş naziri Əhməd Davudoğlunun adından İslam Əməkdaşlıq Təşkilatı sammitinin iştirakçılarının şərəfinə nahar verilib. Azərbaycan prezidenti İlham Əliyev naharda iştirak edib.
Mərasimdə çıxış edən Əhməd Davudoğlu sammitin dünyanın çox mürəkkəb vaxtında keçirildiyini, islam dünyasının İstanbuldan beynəlxalq aləmə sülh və əməkdaşlıq mesajı verdiyini vurğulayıb. “İslam dünyası tarixdə bütün mədəniyyətlərin mərkəzi olub, ən güclü dövlətlər bu məkanda yaranıb” deyən Əhməd Davudoğlu ümidvar olduğunu bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı bu coğrafiyada sülh və sabitliyin bərqərar olmasına yardım edəcək.
Türkiyənin baş naziri islamı terrorla eyniləşdirməyə çalışan qüvvələrə qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayıb, islamla bağlı formalaşdırılan mənfi rəylərin aradan qaldırılması, Suriya, İraq və Liviyadan olan qaçqınlara yardımın göstərilməsi, islam ölkələri arasında yüksək səviyyəli dialoqun baş tutması, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, islam dünyasını parçalamaq təşəbbüslərinə qarşı birgə mübarizə aparılması, islam dünyasına məxsus bütün işğal edilmiş ərazilərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tezliklə azad olunması ilə bağlı ortaq mövqedən çıxış edilməsinin vacibliyini bildirib.
AZƏRTAC xəbər verir ki, İlham Əliyev həmin gün Əhməd Davudoğlu ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olması bildirilib, iki ölkə arasında münasibətlərdən məmnunluq ifadə edilib, Dağlıq Qarabağ cəbhəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
Aprelin 14-də İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə də bir araya gəlib. Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişaf edərək yüksək səviyyəyə qalxması məmnunluqla vurğulanıb, əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş imkanların olduğu qeyd edilib.
Söhbət zamanı Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində aprelin əvvəlində baş vermiş hadisələrlə bağlı geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müharibə istəmir, ancaq Ermənistan hərbi birləşmələrinin təxribatçı əməllərinə cavab verməli olub. Dövlət başçısı hadisələr zamanı zəng vurub narahatlığını ifadə etdiyinə görə İran prezidentinə təşəkkürünü bildirib.
Görüşdə neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar prosesinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan və İran prezidentləri müxtəlif sahələrdə, o cümlədən viza rejimi, turizm, maliyyə-bank sahələrində əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda ekstremizmə, terrorizmə və radikalizmə qarşı mübarizədə əməkdaşlıq və digər istiqamətlərdə münasibətlərin genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
İlham Əliyev daha sonra BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Beltmanla görüşüb. Görüşdə Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyi bildirilib, bu il Bakıda birgə təşkil ediləcək Sivilizasiyalar Alyansının VII qlobal forumu bu əməkdaşlığın yaxşı göstəricisi kimi səciyyələndirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Aprelin 14-də İstanbulda Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib. İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.