Azərbaycanın seçki qanunvericiliyinə görə, Mərkəzi Seçki Komissiyası üzvlərini Milli Məclis seçir. Yerlərin üçdə birini parlamentdəki çoxluq partiyasının, üçdə birini bitərəflərin, üçdə birini azlıqda qalan partiyaların təqdim etdiyi nümayəndələr tutur. MSK isə dairə və məntəqə seçki komissiyalarını eyni formatla yaradır.
Seçki komissiyalarını necə formalaşdırmaq məqsədəuyğundur?
Transparency.az-ın sualını cavablandıran Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı MSK-nın və digər seçki komissiyalarının hakimiyyətlə real müxalifətin bərabər təmsilçiliyi əsasında formalaşdırlmasını doğru yol hesab edir: “Bütün seçki komissiyaları və komissiyalardakı vəzifələr iqtidar və real müxalifətin nümayəndələri arasından paritet əsaslarla seçilməli və ya razılaşma əsasında təyin edilməlidir. Bu variant qəbul olunarsa, müxalifət öz namizədlərini müəyyənləşdirmək yolunu tapa bilər”.
Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, MSK-nın və aşağı seçki komissiyalarının mövcud formatı qaneedici deyil: “Bitərəflərin komissiyaların formalaşdırılmasında iştirakını məqbul hesab etmirik. Onların təşkilatları yoxdur, komissiya üzvlərinin təqdimatını necə versinlər? Buna görə də komissiyalara onların əvəzinə yerli icra hakimiyyətləri nümayəndə verir.
Seçkidə iştirak etmiş, hətta parlamentdə təmsil olunmayan partiyalar da MSK-nın formalaşmasında iştirak etməlidir. Qurumun üzvlərini təyin etmək qaydalarını və üsullarını yeniləmək, bunun üçün Seçki Məcəlləsinə dəyişiklik etmək vacibdir”.
Seçki məsələləri üzrə ekspert, hüquqşünas Hafiz Həsənov Transparency.az-a bildirib ki, Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, o cümlədən Avropa Şurası Parlament Assambleyası hazırkı formatı bir sıra rəsmi sənədlərdə, tövsiyələrdə optimal olmayan variant kimi qiymətləndirir: “Ötən seçkilərin təcrübəsi də göstərir ki, mövcud format dəyişməlidir. Beynəlxalq təşkilatların arzu və istəyi bütün seçki komissiyalarının siyasi qüvvələrin balanslı təmsilçiliyi ilə qurulmasıdır. Ancaq hökumət bu formatı qəbul etmir”.
Hafiz Həsənov qeyd edib ki, MSK-nın və aşağı seçki komissiyalarının üzvlərinin 80-90 faizi illərdir dəyişmir: “Avropa İnsan Hüquqları Məhkəməsinin istər 2005-ci ilin, istər 2010-cu ilin parlament seçkilərində hüquq pozuntularını tanıyan qərarları var. Pozuntuların tanındığı dairələr üzrə nəticələri təsdiq etmiş şəxslərin indi də komissiyalarda təmsilçiliyi nə qədər hüquqidir?
Beynəlxalq təşkilatların da qatılması şərti ilə ictimai müzakirələr, hökumətin təmsil olunduğu debatlar, dialoqlar təşkil olunmalı, seçki komissiyalarının mütləq əksəriyyətin qəbul edəcəyi formatı tapılmalıdır”.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa MSK-nın indiki seçim üsulunu məqbul sayır: “MSK-nın formalaşdırılması ilə bağlı indiyədək çox variant ortaya qoyulub. Ancaq məqbul hesab ediləni indiki variantdır. Əsas problem MSK-nın maraqlı tərəflərdən formalaşdırılmasıdır. Burada da əsas maraqlı tərəf siyasi institutlar sayılır. Bitərəflərə bu imkanın tanınması hüquqi mübahisə yarada bilər. Çünki bitərəflər siyasi institut olaraq konkret siyasi hədəflər daşımırlar. Bu məsələyə gələcəkdə qayıtmaq mümkündür. Ancaq hələlik qanunvericiliyin dəyişməsi real deyil, ona görə da başqa variantların müzakirəsi aktual sayılmır”.