Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII sammiti işini sessiyalarla davam etdirib. AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev birinci sessiyada çıxış edib.
Çıxışında dövlət başçısı Ermənistanın işğalçılıq siyasətindən söz açıb. İlham Əliyev deyib ki, Ermənistan 20 ildən artıqdır Azərbaycana qarşı işğalçılıq siyasəti aparır: “Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi — Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Ermənistan Xocalı soyqırımını törədib. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bu qətnamələrdə erməni silahı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlini dəstəkləyən ədalətli qətnamələrə görə İslam Əməkdaşlıq Təşkilatına səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilib. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olublar. Azərbaycan ordusu Ermənistanın təxribatının qarşısını aldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı qərar qəbul edib ki, xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılsın. Bu qərara görə təşəkkür edirəm”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan islam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir: “Son illər ərzində Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olub. Mən İslam Əməkdaşlıq Təşkilatının qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində islam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir”.