AZƏRTAC xəbər verir ki, aprelin 14-ü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammiti işə başlayıb. Prezident İlham Əliyev sammitdə iştirak edir.
Sammitin devizi “Ədalət və sülh üçün birlik və həmrəylik”dir. Sədrlik edən Misirin xarici işlər naziri Sameh Şukri çıxışında müsəlmanların və islam ölkələrinin maraqlarının qorunması baxımından İƏT-in fəaliyyətini yüksək qiymətləndirib. O, Misirin sədrliyi dövründə üzv ölkələrlə əməkdaşlıq şəraitində islam dünyasında mövcud problemlərin həlli istiqamətində fəal səy göstərdiyini vurğulayıb. Hazırda islam dünyasında, ərəb ölkələrində, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranların yaşandığını vurğulayan sədr deyib ki, bu münaqişələrin, terrorun arxasında xarici qüvvələrlə yanaşı daxili narazılıqlar da var.
Sameh Şukri son aylarda bölgədə silahlı münaqişələrin, terror hadisələrinin daha da şiddətləndiyini vurğulayaq bunun ciddi bir təhdid olduğunu bildirib. O, islam dünyasında mövcud problemlərin, o cümlədən Fələstin məsələsinin, Suriya böhranının, həmçinin son illər artmaqda olan islamofobiyanın və digər problemlərin həlli üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.
İƏT-ə sədrliyi qəbul edən Türkiyənin prezidenti Rəcəb Teyyub Ərdoğan sammitdə çıxış edərək toplantının əsas mövzusu olan prinsiplərin dünyada baş verən böhranların, xüsusən də islam aləmində yaşanan gərginliklərin həll edilməsi baxımından qısa zamanda bərqərar olunmasının əhəmiyyətini vurğulayıb. Rəcəb Teyyub Ərdoğan bu problemlərin əsas səbəbinin dünyada irqçilik, məzhəbçilik, etnik və dini ayrı-seçkiliyin olduğunu qeyd edərək həmin münaqişələr, böhranlar nəticəsində milyonlarla insanın əziyyət çəkdiyini deyib. “Dünyada yaşanan problemlərdən, münaqişələrdən, böhranlardan daha çox əziyyət çəkən sadəcə islam dünyası və müsəlman ölkələridir” deyən Ərdoğan sammitin müsəlmanların səylərini birləşdirməsi, əməkdaşlığı inkişaf etdirməsi yolunda dönüş nöqtəsi olacağına əminliyini bildirib.
İƏT-in baş katibi İyad Amin Madani Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti barədə məlumat verib. Müsəlman ölkələrindəki qarşıdurmaların tezliklə həll olunmasını müasir dünyanın qarşısında duran əsas vəzifə olduğunu deyən baş katib diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır. O qeyd edib ki, İƏT problemin həllində Azərbaycana dəstəyini davam etdirəcək.
Sonra Asiya, ərəb və Afrika ölkələri qrupları adından çıxışlar dinlənilib. Bəhreyn, Bruney, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Fələstin, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş, İordaniya, Livan, Oman, Özbəkistan, Tacikistan, Qırğızıstan, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Türkmənistan, Suriya, İraqın daxil olduğu Asiya qrupu adından Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.