Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər “Amerikanın səsi” radiosuna müsahibəsində Qarabağda aprelin 2-dən 5-dək aparılmış döyüşlərdən danışıb. O qeyd edib ki, Azərbaycan müəyyən hərbi uğurlar qazanıb: “Kimi bu hərbi uğurları çox şişirdə bilər, kimi kiçik görə bilər, amma bütün ciddi ekspertlər Azərbaycan ordusunun müəyyən irəliləyiş, uğur əldə etdiyini bildirir. Bu xüsusi qeyd olunmalıdır.
Eyni zamanda təsdiq olundu ki, Azərbaycan xalqı Qarabağı unutmayıb, heç bir zaman unutmayacaq, bəzilərinin bədgüman olduğu kimi Qarabağ mövzusuna, vətən, torpaq mövzusuna laqeydləşməyib, biganələşməyib. Bu, çox aydın bir şəkildə göründü və çox önəmli bir faktordur. Çünki istənilən mübarizədə, qarşıdurmada tərəflərin əhval-ruhiyyəsi, mənəvi gücü həlledici amildir.
Eyni zamanda ciddi bir uğur əldə olundu ki, Qarabağ məsələsi yenidən beynəlxalq diplomatiyanın gündəminə gəldi. Bu hadisələr bir daha beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara xatırlatdı ki, konfliktin ədalətli həllinə nail olmaq lazımdır.
Həmçinin erməni tərəfi bir daha dərk etdi ki, status-kvo əbədi deyil. Onlar Azərbaycan torpaqlarını qanuni sahibinə qaytarmalıdırlar. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, suverenlik bərpa olunmalıdır. Amma erməni azlığının da Avropa standartlarına uyğun haqlarının tanınması şərti ilə.
Diplomatik həll yaxınlaşdımı? Proses yenidən canlandı, ancaq mən düşünmürəm ki, yaxın zamanlarda bu konflikti həll etmək və son saziş, sülh sazişi əldə etmək mümkün olsun”.
Rusiyanın Qarabağ münaqişəsinə dair mövqeyinə toxunan İsa Qəmbər deyib ki, bu ölkə konfliktin həllində maraqlı deyil: “Çünki bu konfliktin mövcudluğu, eləcə də Cənubi Qafqazda, postsovet məkanının digər yerlərində konfliktlər Rusiyanın yaratdığı bir situasiyadır. Rusiyanın maraqlarına, yanlış başa düşülmüş maraqlarına cavab verir. Bu yolla Moskva postsovet məkanına nəzarət etməyə çalışır, yeni müstəqil dövlətlərin daxili işlərinə qarışmağa çalışır. Bəzən də buna nail olur. Ona görə də Rusiya konfliktin həllində maraqlı deyil.
Rusiyanın təklifləri Azərbaycanın prinsipial mövqeyinə cavab vermir və dolayısı yolla Moskvanın özünün Cənubi Qafqazda, Azərbaycanda və Ermənistanda mövqeyinin gücləndirilməsinə xidmət edir. 1923-ci ildə heç bir ehtiyac olmadan Dağlıq Qarabağda muxtar vilayət yaratmaqla bu torpaqlara uzunmüddətli bir mina qoyulub. İndi də Rusiyanın nəzarətində əldə olunan bir sülh burada uzunmüddətli bir minanın olması deməkdir. Bu, Rusiyanın yenə də istədiyi vaxt minanı partlatmaq və qarşıdurma yaratmaq, stabilliyi pozmaq imkanıdır. Ona görə də heç bir halda Rusiyanın təkliflərinə sıcaq yanaşmaq olmaz. Yalnız beynəlxalq təşkilatların birgə səyi, birgə addımları ilə, Azərbaycan tərəfinin haqlı mövqeyini nəzərə almaqla sülh danışıqlarının məntiqi və mənası var”.
İsa Qəmbər əlavə edib ki, 2 aprel əməliyyatı Ermənistan tərəfini hadisələrə daha obyektiv, daha realist yanaşmağa sövq edə bilər: “Məsələnin danışıqlar yolu ilə həll edilməsi mümkündür. Ancaq bu, ciddi şəkildə Ermənistan tərəfinin məsələyə realist yanaşmasından, beynəlxalq birliyin məsələyə daha prinsipial və ədalətli yanaşmasından keçir. Azərbaycan tərəfinin isə məsələyə daha çox milli iradənin gücü ilə, ümumxalq birliyi ilə, prinsipial yanaşması ilə proses irəliləyə bilər. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda demokratikləşmə həlledici hədəflərdən biri kimi qüvvədə qalmaqdadır”.
Milli Strateji Düşüncə Mərkəzinin sədri qeyd edib ki, ölkədə azad və güclü iqtisadiyyat inkişaf etdirilməlidir: “Güclü, azad, demokratik islahatlarla inkişaf etdirilən iqtisadiyyat dövlətin, ölkənin, xalqın bütün problemlərinin həllinə əlavə dəstək olur. Bu təbiidir. Amma, bu, sözdə edilmir, bunun üçün gerçək addımlar olmalıdır, işlər görülməlidir. Hakimiyyətin bu sahədəki addımları, təəssüf ki, yarımçıqdır, ziddiyyətlidir, bir çox halda kosmetik xarakter daşıyır.
Milli Strateji Düşüncə Mərkəzi hələ iki ay öncə cəmiyyətə, ölkəyə “Böhrandan imkana” adlanan bir yol xəritəsi təqdim edib (“Böhrandan imkana” yol xəritəsi). İki aydır yol xəritəsində irəli sürdüyümüz təkliflər istiqamətində hakimiyyətdən prinsipial mövqe bildirilmir. Yarımçıq addımlar atılır. Hətta bizim yol xəritəmizdə irəli sürülən ideyaların həyata keçirilməsinə cəhd göstərirlər, yaxud imitasiya edirlər. Ancaq bu kifayət deyil. Məsələyə kompleks və konseptual yanaşılmalıdır. Digər siyasi qüvvələrin təklifləri, paketləri kimi Milli Strateji Düşüncə Mərkəzinin hazırlayıb təqdim etdiyi yol xəritəsi də nəzərə alınsa, gerçək iqtisadi-siyasi islahatlar aparmaq, ölkəmizin güclənib qarşıda duran problemləri həll etməsi mümkün olar”.
İsa Qəmbər 1992-93-cü illərdə Milli Məclisin sədri postunu tutub, həmin dönəmin ilk ayında prezidentin səlahiyyətlərini icra edib, 1992-ci ildən 2014-cü ilədək Müsavat Partiyasının başqanı olub.