Prezident İlham Əliyevin qərarı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bu qurum dövlət satınalmaları haqda qanunvericiliyə uyğun olaraq dövlət təşkilatlarının ehtiyacı üçün zəruri olan kənd təsərrüfatı məhsullarının fermerlərdən mərkəzləşdirilmiş qaydada satın alınmasını həyata keçirəcək.
İqtisadçı ekspert Rövşən Ağayev bahalı idxal mallarından imtina edib birbaşa fermerdən dövlət ehtiyacları üçün məhsul almağı tamamilə doğru yanaşma sayır. Amma Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, satınalmanın mərkəzləşdirilməsi uğurlu addım deyil: “Beynəlxalq təcrübədə mərkəzləşdirilmiş satınalma miqyas effekti baxımından qənaətə şərait yaradan model hesab edilir, ictimai nəzarət mexanizmlərinin çalışmadığı mühitdə isə bu modeldə korrupsiya riskləri çox yüksək sayılır. Məsələn, nə təminat var ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti kiçik və orta fermerlərin deyil, məmurların patronajlığı ilə yaradılan iri fermer təsərrüfatlarının məhsullarını almayacaq və Taxıl Fondu etdiyi kimi başqa fermerlərin məhsulunun keyfiyyət standartlarına cavab verməməsini əsas gətirməyəcək? Başqa bir sual: belə bir qurum yaradılırsa, niyə Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Taxıl Fondu da ləğv edilib onun tərkibinə verilmir? Bu, struktur islahatları baxımından da mühüm addım olardı. Yaxud İqtisadiyyat Nazirliyinin tabeliyinə verilən Satınalmalar üzrə Dövlət Agentliyi bu vəzifəni yerinə yetirə bilməzdimi, əgər bilməzsə, hansı maneələr var?
Fermerlərdən məhsulların birbaşa satın alınması mexanizminin şəffaf olması üçün hökumətin aparmalı olduğu islahatlar var: kəndli-fermer kooperativlərinin yaradılması stimullaşdırılmalıdır. Məsələn, indi fürsətdir, hökumət deyə bilər ki, satınalma zamanı kooperativ halda birləşmiş, rəsmi müqavilə tərəfi ola biləcək sahibkar kimi qeydiyyata alınmış, dövlətin müəyyən etdiyi minimum həcmdə məhsul təklif edən subyektlərə üstünlük veriləcək. Amma təbii ki, kooperativlərin yaradılmasına ciddi maliyyə dəstəyi verilməlidir – necə ki, Sahibkarlığa Kömək Milli Fondu ayrı-ayrı şəxslərin dövlət torpaqlarında iri fermer təsərrüfatları yaratmasını dəstəkləyir.
Fermerlərin maraqlarını qoruyan yerli, regional və ölkə birliklərinin (ittifaqlarının) yaradılması dəstəklənməlidir, aqrar siyasətlə bağlı qərarların qəbulunda onlarla intensiv dialoq mexanizmləri formalaşdırılmalıdır”.
Ekspert qeyd edir ki, qida sənayesi inhisarlaşmasaydı, bir-biri ilə rəqabət aparan qida şirkətləri yaransaydı, şəffaf tender mexanizmləri vasitəsilə onları fermerlərdən məhsul almağa stimullaşdırmaq olardı: “Dövlət isə öz ehtiyaclarını artıq nəhəng, büdcə üçün yükə çevrilən təchizat-tədarük şirkəti vasitəsilə minlərlə fermerdən deyil, Satınalmalar üzrə Dövlət Agentliyinin təşkil etdiyi şəffaf tenderlər vasitəsilə qida şirkətlərindən ala bilərdi.
Hələlik hökumət sistemyaradıcı və institusional, əksmərkəzləşməni dərinləşdirən islahatlara başlamaq əvəzinə idarəetməni daha da mərkəzləşdirir, bütün səlahiyyətləri və idarəetməni prezident hakimiyyətinin və mərkəzi hakimiyyət orqanlarının ətrafında təmərküzləşdirir. Bu, çıxış yolu deyil.
İndiki iqtisadi böhrandan yeni dövlət təsisatları yaratmaqla deyil, cəmiyyətə yeni münasibətlər gətirən, yeni institusional mühiti diktə edən mexanizmlər vasitəsilə çıxmaq mümkündür. Demokratik yolla seçilmiş yerli və regional hakimiyyətlər formalaşdırılmasa, mərkəzi hakimiyyət özünün strateji funksiyalarını saxlayıb təsərrüfat xarakterli səlahiyyətlərini əksmərkəzləşdirilmiş strukturlara ötürməsə, bütün sahibkarlar üçün rəqabəti təmin edən və qoruyan iqtisadi sistem olmasa, hansısa yeni strukturların yaradılması vəziyyəti dəyişməyəcək”.