Bir əsgərin bədənindən 40-a yaxın qəlpə çıxarılıb (Səyyar hospitaldan reportaj)
“Azərbaycan Ordusu” qəzetinin 13 aprel sayında cəbhə bölgəsində yerləşən hərbi səyyar hospitaldan reportaj dərc olunub. Ağır döyüşlərin hələ səngimədiyi vaxt qələmə alınmış “Sağalıb döyüş növbəsinə qayıdacam” başlıqlı reportajda yaralı hərbçilərimizin vəziyyətindən, onlara göstərilən tibbi yardımdan bəhs olunur. Reportajı Novator.az saytının da oxucularının diqqətinə çatdırırıq.
Aprel ayının ilk günlərindən erməni işğalçıları atəşkəs rejimini pozaraq həm yaşayış məntəqələrimizi, həm də mövqelərimizi atəşə tutaraq hücuma keçmişdilər. Düşmən hücumunun qarşısını alan cəsur döyüşçülərimiz əks-həmlə zamanı bir neçə strateji əhəmiyyətli yüksəkliyi ələ keçirmiş, iki yaşayış məntəqəsini azad etmişdilər.
Biz cəbhə bölgəsinə çatanda da ağır döyüşlər səngiməmişdi. Azğınlaşmış düşmən məğlubiyyəti ilə barışmayaraq müqavimət göstərir, qorumağa gücü çatmadığı yüksəklikləri geri qaytarmağa çalışırdı. Mövqelərində inamla, cəsarətlə dayanmış döyüşçülərimiz isə sərrast atəşlə qəsbkarları məhv edərək bir az da geri sıxışdırırdılar.
Müharibə zamanı hərbi həkimlərin də üzərinə mühüm vəzifələr düşür. Onlar döyüşlərdə yaralanmış zabit və əsgərlərin həyatını xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Məhz onların peşəkarlığı və bacarığı sayəsində neçə-neçə döyüşçü ölümdən dönür. Ağır döyüşlər getdiyi günlərdə yaralılara göstərilən tibbi yardımla yaxından tanış olmaq üçün hərbi səyyar hospitala üz tutduq. Dəhlizdə böyük canlanma var idi. Həkimlər, tibb bacıları palataları gəzib yaralılara baş çəkirdilər. Hamı diqqətini yaralılara yönəldib.
Tibb xidməti polkovnik-leytenantı Samil Qasımov: “Qonşu rayonlardan həm həkimlər, həm də tibb bacıları könüllü olaraq bizə köməyə gəliblər. Gərgin hərbi əməliyyatlar dövründə hospitala daxil olan yaralıların hamısının həyatı xilas edilib. Şükürlər olsun ki, bu günə qədər ölüm faktı qeydə alınmayıb”.
Tibbi-təchizat şöbəsinin baş zabiti mayor Anar Eyvazov: “Səyyar hospitalda eyni vaxtda 4 ağır, 4 yüngül cərrahiyyə əməliyyatı aparmaq olar”.
Səyyar hospitalda ilk həmsöhbətim Silahlı Qüvvələrin baş terapevti tibb xidməti polkovnik-leytenantı Samil Qasımov oldu. Baş terapevt bildirdi ki, yaralılara həm cərrahi, həm də başqa tibbi yardımların göstərilməsi üçün hospitalda hər cür şərait yaradılıb. “Yaralılara cərrahiyyə yardımı göstərildikdən və artıq həyatları üçün heç bir təhlükə olmadıqdan sonra onlar ayrı-ayrı xəstəxanalara təxliyyə edilirlər. Yeri gəlmişkən onu da deyim ki, səyyar hospitala Səhiyyə Nazirliyi tərəfindən də bütün yüksək ixtisaslı həkimlər cəlb olunub. Qonşu rayonlardan həm həkimlər, həm də tibb bacıları könüllü olaraq bizə köməyə gəliblər. Hər kəsin məqsədi bütün imkan və vasitələrdən bacarıqla istifadə edərək yaralıların həyatlarını xilas etməkdir. Gərgin hərbi əməliyyatlar dövründə hospitala daxil olan yaralıların hamısının həyatı xilas edilib. Şükürlər olsun ki, bu günə qədər ölüm faktı qeydə alınmayıb. Bu onu göstərir ki, işlərimiz yüksək səviyyədə qurulub, həkimlərimiz də peşəkardırlar”.
– Səyyar hospital ən müasir tibbi avadanlıqlarla təchiz edilib, – deyə Tibb Baş İdarəsinin tibbi-təchizat şöbəsinin baş zabiti mayor Anar Eyvazov bizimlə söhbətə başladı. – Həmçinin yaralıların təxliyyəsinə bütün texniki vasitələr, tibbi yardım maşınları, o cümlədən hərbi sanitar aviasiya və Səhiyyə Nazirliyinin sanitar aviasiya dəstələri cəlb olunub. Şəfa ocağına daxil olan yaralılar ləngimədən əməliyyat otağına götürülür. Həkimlərimiz yaralıların həyatını xilas etmək üçün işə başlayırlar. Ümumiyyətlə, səyyar hospitalda eyni vaxtda 4 ağır, 4 yüngül cərrahiyyə əməliyyatı aparmaq olar. Həkimlərimiz bütün bu imkan və vasitələrdən yetərincə bəhrələnərək yaralıların həyatını xilas edirlər.
Silahlı Qüvvələrin baş cərrahı tibb xidməti polkovniki Famil Babayev əməliyyatdan yenicə çıxmışdı. O dedi:
– Daha bir hərbçimizin həyatını xilas etdik. Əsgər minaya düşmüşdü, ayağına qəlpə dəymişdi. Əməliyyat aparıb qəlpələri təmizlədik. Əsgərin yaraları ağır deyil, o, yaxın müddətdə hərbi hissəyə qayıdıb xidmətini davam etdirəcək. Biz gecə-gündüz döyüşçülərimizin sağlamlığı keşiyindəyik. Hospitala daxil olan yaralıların yaralanma dərəcəsini təhlil edərkən belə qənaətə gəldim ki, düşmən döyüşçülərimizə qarşı dağıdıcı silahlardan istifadə edib. Adətən müharibə zamanı ağır yaralanmanın dərəcəsi 10-12 faiz olmalıdır. Müşahidələr göstərdi ki, bizdə bu faiz 40-45 faizə çatıb. Bu, bir daha sübut edir ki, erməni işğalçıları döyüşlər zamanı iriçaplı və daha dağıdıcı silahlardan istifadə edirlər. Məsələn, döyüş zamanı yaralanmış bir əsgərin bədənində 40-a yaxın qəlpə var idi. Peşəkar cərrahların səyi nəticəsində qəlpələrin hamısı əsgərin bədənindən təmizləndi. Ən müasir tibbi avadanlıqlar və texniki vasitələr işimizi asanlaşdırır, hərbi əməliyyatların uğurla həyata keçirilməsini təmin edir.
Tibb xidməti polkovniki Famil Babayev: “Düşmən döyüşçülərimizə qarşı dağıdıcı silahlardan istifadə edib. Adətən müharibə zamanı ağır yaralanmanın dərəcəsi 10-12 faiz olmalıdır. Müşahidələr göstərdi ki, bizdə bu faiz 40-45 faizə çatıb. Bu, bir daha sübut edir ki, erməni işğalçıları döyüşlər zamanı iriçaplı və daha dağıdıcı silahlardan istifadə edirlər. Məsələn, döyüş zamanı yaralanmış bir əsgərin bədənində 40-a yaxın qəlpə var idi”.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin şöbə rəisi tibb xidməti polkovniki Azad Məmmədov da səyyar hospitalda aparılan uğurlu cərrahiyyə əməliyyatlarından söz açaraq bildirir ki, hər bir həkim və tibb işçisi yaralı döyüşçülərə canıyananlıqla tibbi xidmət göstərir. Yaralıların həyatının xilas edilməsində bütün tibb heyətinin – həkimlərdən sürücülərə qədər hər kəsin əməyi, hər kəsin zəhməti vardır. Onlardan bəzilərinin adlarını çəkmək istərdim. Tibb xidməti polkovnik-leytenantları Roman Çobanov, Çingiz Quliyev, Hüseyn Əliyev, Hümmət Əhmədov, tibb xidməti mayorları Tale Qasımov, Rəşad Əkbərli, Şahin Ağayev, tibb xidməti kapitanları Elgün Səmədov, Mirağa Tarverdiyev, Famil Quliyev, Elvin Məmmədli, Samir Süleymanov, Amil Əliyev, tibb xidməti baş leytenantları Azər Əliyev, Yaşar Abbasov, Nicat Quliyev, Göyüş Orucov, gizirlər Araz Cabbarov, Anar İsmayılov, tibb bacıları və laborantlardan Sevinc Hüseynova, Cavidə Rüstəmova, Vüsalə Məmişova, Günay Behbudova, Aytən Kərimova, Mətanət Qurbanova, Aidə Sərdarova, Aynur Məmmədova, Gühirə Mirqədimova, Mariya Paşayeva, Gülşən Əhmədova, Şəlalə Quliyeva, Əfsanə Məmmədova, Nüşabə Məmmədova, Ülviyyə Hüseynova, Heyran Məmmədova, Ayşən Axundova, Afət Qocayeva, Günay Musayeva, Mehparə Ağayeva, Zöhrə Kərimova, Sevda Mehdiyeva, Fidan Qənbərova, Sahibə İsmayılova, Günay Əliyeva, Vəfa Behbudova, Reyhan Həsənova, Roza Hacıyeva, İradə Nuriyeva, Faizə Əmirxanova, Sara Məmmədova, Afaq Əliyeva, Gülnarə Kərimova, Ülviyyə Aslanova, Eyzəngül Fərəcova, Aynur Məmmədova və başqaları üzərlərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlirlər.
Bir azdan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev və Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev səyyar hospitaldakı yaralılara baş çəkməyə gəlirlər. Generallar bir-bir palataları gəzir, yaralılarla görüşür, sağlamlıqları ilə yaxından maraqlanırlar. Həkimlər aparılan əməliyyatlar barədə onlara məlumat verirlər. General-mayor Natiq Əliyev bizimlə qısa söhbətində bildirir ki, səyyar hospitalda əməliyyatlar çox səmərəli və dəqiq aparılır. “Məqsədimiz döyüşlər zamanı yaralanmış hərbçilərin həyatını xilas etməkdir. Gördüyünüz kimi, məqsədimizə nail oluruq. Burada yaralılara ən yüksək səviyyədə tibbi xidmət göstərilir. Həkimlərimiz ən mürəkkəb əməliyyatların öhdəsindən bacarıqla gəlirlər. Sutkanın istənilən vaxtı səyyar hospitalın tibb heyəti yaralıları qəbul etməyə hazırdır”.
Yaralı zabit Asif Rəsulov: “Ermənilər nə qədər müqavimət göstərməyə çalışsalar da, məqsədlərinə çata bilmədilər”.
Yaralı əsgər Rahib Abdullayev: “Ağrılarım keçib, özümü yaxşı hiss edirəm. Bir müddətdən sonra hərbi hissəyə dönüb ermənilərlə yarımçıq qalmış döyüşü davam etdirəcəm”.
Hospitalda müalicə olunan yaralıların bir neçəsi ilə görüşüb söhbət etdik. Əsgər Rahib Abdullayev dedi ki, həkimlərdən, tibb bacılarından çox razıdır. “Döyüş zamanı ayağımdan yaralanmışdım. İlkin tibbi yardım göstərildikdən sonra məni hospitala çatdırdılar. Əməliyyat uğurla keçdi. Həkimlər çox əziyyət çəkdilər. Həyatımı xilas etdiklərinə görə onlara dərin minnətdarlığımı bildirirəm. Artıq ağrılarım keçib, özümü yaxşı hiss edirəm. Bir müddətdən sonra hərbi hissəyə dönüb ermənilərlə yarımçıq qalmış döyüşü davam etdirəcəm”.
– Əks-həmlə ilə düşməni yavaş-yavaş geri oturdurduq, – deyə yaralı zabit Asif Rəsulov sözə başladı. – Ermənilər nə qədər müqavimət göstərməyə çalışsalar da, məqsədlərinə çata bilmədilər. Qəflətən düşmən gülləsinə tuş gəldim. Hospitala çatan kimi həkimlər məni əməliyyat etdilər. Şükür, indi yaxşıyam, narahatlığım arxada qalıb. Həyatım üçün həkimlərə minnətdaram, burada çalışan hər kəsə “çox sağ olun”, – deyirəm.
Hərbi səyyar hospitaldan xoş təəssüratlarla ayrılıram. Bir daha əmin oluram ki, həkimlərimiz döyüşçülərimizin sağlamlığı keşiyində sərvaxt dayanıblar.
Yol boyu yaralılardan birinin “Sağalıb tezliklə döyüş növbəsinə qayıdacam” sözlərini xatırlayıram.
Mayor
Vahid Məhərrəmov
“Azərbaycan Ordusu” qəzeti